Xəbər verdiyimiz kimi, Helsinki Universitetinin professoru Tomas Malinen Rusiya-Ukrayna münaqişəsinin gedişatı ilə bağlı sensasion açıqlama verib. O bildirib ki, Ukrayna ilin sonuna qədər tam məhvlə üzləşəcək.
Sitat: “Kiyevə dəstək vermək ölkənin dağılmasına və Üçüncü Dünya müharibəsinin başlamasına bərabərdir”.
Ukrayna ilə bağlı hansı faktorlar bu fikri dəstəkləyir? Üçüncü Dünya müharibəsinin başlayacağına dair iddialar nə dərəcədə realdır?
Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Rusiyanın 2022-ci ildə Ukraynaya geniş müdaxiləsindən bəri, Kiyevin məhv olacağı və ya məğlubiyyəti ilə bağlı bir sıra ehtimallar səsləndirilib:
“Hətta nüfuzlu mərkəzlər və ekspertlər də bu fikirləri irəli sürüblər. Lakin bu ehtimalların heç biri gerçəkləşməyib. T.Malinenin açıqlaması da bu sırada yer alır. Belə fikirlər, əsasən, Rusiyanın işğalçılıq siyasətini legitimləşdirməyə xidmət edir. Üçüncü Dünya müharibəsinin başlama ehtimalında isə Çin maraqlı olmalıdır. Lakin Pekinin belə bir fikri yoxdur və yəqin ki, bu əsrin sonuna qədər də olmayacaq. Çünki Çin ABŞ-ın nə qədər dağıdıcı hərbi gücə malik olduğunu yaxşı anlayır. Onlar sadəcə yeni dünya düzənində daha güclü mövqeyə sahib olmaq və öz təsir dairəsini yaratmağa çalışır. Bunun üçün də Rusiya, İran və Şimali Koreyadan proksi qüvvələr kimi istifadə edir”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko ordunun hazırda Rusiya qoşunlarının irəliləyişini dayandırmaq potensialına malik olmadığını bəyan edib.