Dünyaca məşhur aviaşirkət satılır: 5,7 milyard funtluq razılaşma əldə edildi

ABŞ-ın özəl investisiya şirkəti Apollo, aşağıbüdcəli aviaşirkət easyJet-i almaq üçün təqdim etdiyi 5,7 milyard funt sterlin məbləğində təklifi ilə satış yarışında önə keçib. Şirkətin İdarə Heyəti təklifi qəbul etdikdən sonra satışın yekun mərhələsinə start verilib.

Referans Media  xəbər verir ki, müqaviləyə əsasən, easyJet-in səhmdarları sahib olduqları hər səhmə görə 7,15 funt sterlin nağd ödəniş alacaqlar.

Apollo rəqibini geridə qoydu

Satış prosesinin əvvəlində ABŞ-ın digər investisiya şirkəti Castlelake tərəfindən təqdim olunan 5,5 milyard funt sterlinlik təklifin qəbul ediləcəyi gözlənilirdi. Lakin Apollo daha yüksək – 5,7 milyard funt sterlinlik təkliflə çıxış etdikdən sonra vəziyyət dəyişib.

Nəticədə Castlelake ilə aparılan danışıqlar dayandırılıb və easyJet rəhbərliyi Apollo-nun tam nağd ödənişdən ibarət təklifini qəbul edib.

38 ölkədə fəaliyyət göstərir

Baş qərargahı Londonun Luton Hava Limanında yerləşən easyJet Avropanın ən böyük aşağıbüdcəli aviaşirkətlərindən biri hesab olunur.

Şirkət hazırda 38 ölkədə yerləşən 164 hava limanında fəaliyyət göstərir və milyonlarla sərnişinə xidmət göstərir.

Satışın tamamlanması üçün təsdiq gözlənilir

5,7 milyard funt sterlin dəyərində qiymətləndirilən satışın hüquqi baxımdan tamamlanması üçün aidiyyəti tənzimləyici qurumların razılığı tələb olunur.

Müvafiq təsdiqlər verildikdən sonra easyJet rəsmi olaraq Apollo-nun nəzarətinə keçəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki