Antalyaya istirahətə gəldi, həyatı bir anda alt-üst oldu: Həkimlər ona cəmi 12 ay ömür verdilər

İngiltərədən ailəsi ilə birlikdə istirahət üçün Antalyaya gələn 38 yaşlı Kris Bennetin həyatı qəfil başlayan şiddətli baş ağrılarından sonra tamamilə dəyişib. Əvvəlcə ağrıları isti hava, stress və qulaq infeksiyası ilə əlaqələndirən üç uşaq atası, ölkəsinə qayıtdıqdan sonra xəstəxanaya müraciət edib və ona IV mərhələ qlioblastoma (beyin şişi) diaqnozu qoyulub.

Referans Media xəbər verir ki, Bennett ötən ilin iyul ayında ailəsi ilə birlikdə Antalyada istirahətdə olarkən güclü baş ağrılarından əziyyət çəkməyə başlayıb. Simptomlar getdikcə ağırlaşsa da, o, əvvəlcə bunun ciddi problem olmadığını düşünüb.

Diaqnoz həyatı alt-üst etdi

İngiltərəyə qayıtdıqdan sonra ağrılar dözülməz həddə çatdığı üçün həkimə müraciət edən Bennetin MRT və digər müayinələri zamanı ona aqressiv xarakterli IV mərhələ qlioblastoma diaqnozu qoyulub.

Diaqnozdan dərhal sonra əməliyyat olunan Bennetin beynindəki şişin bir hissəsi götürülüb. Hazırda o, kimyaterapiya müalicəsi alır.
Həkimlər xəstəliyin inkişaf etmiş mərhələdə olduğunu bildirərək, onun üçün orta hesabla 12-18 aylıq ömür proqnozu veriblər.

"Mübarizədən vaz keçməyəcəyəm"

Aldığı ağır xəbərə baxmayaraq, Kris Bennett ümidini itirmədiyini deyib. O bildirib ki, bu çətin dövrdə dünyaya gələn qızı Sienna ona yaşamaq üçün əlavə güc verib. "Bu, həyatımın ən böyük şoku idi. Mənə xəstəliyin müalicəsinin mümkün olmadığı və təxminən 12-18 ay ömrümün qaldığı deyildi. Amma mübarizədən vaz keçməyəcəyəm. Eyni xəstəliklə illərlə yaşayan insanların hekayələrini eşitmişəm. Bir ümid olduğu müddətdə mübarizə aparacağam", – deyə Bennett bildirib. Kris Bennett həyat yoldaşı ilə birlikdə yeni doğulan Sienna ilə yanaşı, 6 yaşlı Toby və 2 yaşlı Riley adlı iki oğlunu da böyüdür.

Ailəsi yardım kampaniyasına başlayıb

Bennetin ailəsi və yaxınları onun müalicə xərclərini qarşılamaq və ən yaxşı tibbi xidmətlərdən yararlanmasını təmin etmək məqsədilə ianə kampaniyası başladıb. Onlar insanların dəstəyi ilə Kris Bennettin müalicəsini davam etdirə biləcəyinə və həyat uğrunda mübarizəsini daha uzun müddət davam etdirəcəyinə ümid etdiklərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki