Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına və Yəmən hökumətinə bağlı hərbi düşərgələrə genişmiqyaslı hücum həyata keçirdiklərini açıqlayıblar. Ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyi bildirilən hücumlarda Yəmən hökumətinə bağlı 30 hərbçinin öldüyü, Səudiyyə Ərəbistanını dəstəkləyən yüzlərlə əsgərin isə həlak olduğu və ya yaralandığı iddia edilir.
Referans Media xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri bildirib ki, əməliyyat Səudiyyə Ərəbistanının Yəmən sərhədinə yaxın ərazilərdə hərbi qüvvə toplamasına cavab olaraq həyata keçirilib.
Onun sözlərinə görə, Ər-Ruveyk, Əl-Abər və Əs-Səniyyə bölgələrində yerləşən Səudiyyə hərbi mövqeləri, eləcə də Yəmən hökumətinə bağlı 1-ci və 3-cü Təcili Müdaxilə Diviziyasının düşərgələri çoxsaylı ballistik raket və PUA-larla hədəfə alınıb.
"Yüzlərlə hərbçi öldü və ya yaralandı" iddiası
Husilər hücum nəticəsində Səudiyyə qüvvələrinə məxsus düşərgələrin, silah anbarlarının və hərbi texnikanın məhv edildiyini, Səudiyyə tərəfində döyüşən yüzlərlə hərbçinin öldüyünü və ya yaralandığını iddia ediblər. Lakin husilərin açıqladığı itkilərlə bağlı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Yəmən hökuməti 30 hərbçinin öldüyünü açıqlayıb
Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə bağlı Təcili Müdaxilə Qüvvələri daha əvvəl Marib və Hadramut vilayətlərində yerləşən hərbi düşərgələrə edilən hücumlar nəticəsində 30 hərbçinin həlak olduğunu təsdiqləyib.
Səudiyyə Ərəbistanına xəbərdarlıq
Husilər yaydıqları bəyanatda Səudiyyə Ərəbistanını Yəmənə qarşı yeni hərbi əməliyyatlara başlamamaq barədə xəbərdar ediblər. Onlar bölgədə vəziyyətin daha da gərginləşəcəyi təqdirdə bütün məsuliyyətin Riyadın üzərinə düşəcəyini bildiriblər.
Bəyanatda Yəmən hökumətinə bağlı hərbi düşərgələrdə xidmət edən şəxslərə də müraciət edilərək, həmin əraziləri tərk etmələri tövsiyə olunub.Son hücum Yəməndə uzun illərdir davam edən münaqişənin yenidən kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Bununla yanaşı, husilərin açıqladığı itkilər və dağıntılar barədə məlumatların hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi vurğulanır.
