NVIDIA şirkətinin baş direktoru Jensen Huang süni intellektin gələcəkdə bütün sahələrə təsir edəcəyini bildirib. Onun “Gec-tez hər bir şirkət süni intellekt şirkətinə çevriləcək” fikri texnologiyanın biznes və əmək bazarına təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Süni intellektin bütün sahələrə yayılması iş dünyasını necə dəyişəcək? Gələcəkdə bəs insanlar nəylə məşğul olacaq? “Qızıl milyardlıq” insan sayı ideyası gerçəyə çevrilir?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Xəzər Universitetinin IT departament rəhbəri, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti Fərid Musayev deyib ki, müasir biznes dünyasında yeni dövr başlayır:
“Süni intellektin müxtəlif sahələrə inteqrasiyası rəqəmsal transformasiyanın növbəti mərhələsinə, yəni süni intellektə əsaslanan iqtisadiyyata keçidi sürətləndirəcək. Rutin, təkrarlanan və məlumatların emalına əsaslanan tapşırıqlar tədricən süni intellekt alqoritmləri vasitəsilə yerinə yetiriləcək. Bu, sənaye, logistika, maliyyə və hüquq sahələrində iş proseslərinin sürətlənməsinə imkan verəcək. Süni intellekt şirkətlərin qərarvermə mexanizmlərinə də təsir göstərəcək. Nəticədə yeni biznes modelləri və iqtisadi imkanlar meydana çıxacaq. Bu prosesdə əsas narahatlıqlardan biri iş yerlərinin azalmasıdır. Lakin buna yalnız işsizlik baxımından deyil, işin xarakterinin dəyişməsi kontekstində də yanaşmaq lazımdır. İnsanlar rutin və icra xarakterli tapşırıqlardan uzaqlaşaraq daha yüksək dəyər yaradan fəaliyyət sahələrinə yönələ bilərlər. Bu şəraitdə süni intellekt sistemlərinin hazırlanması və idarə olunması, eləcə də onların etik prinsiplərə uyğun fəaliyyətinə nəzarət edən mütəxəssislərə ehtiyac artacaq. Gələcəyin uğurlu əməkdaşı süni intellekti rəqib kimi deyil, işini daha səmərəli yerinə yetirməyə kömək edən vasitə kimi istifadə etməyi bacaran şəxs olacaq”.
Fərid Musayev
Ekspert bildirib ki, “Qızıl milyardlıq” konsepsiya əsasən dünya resurslarının məhdudluğu və onların müəyyən bir əhali qrupunun rifahı naminə bölüşdürülməsi ilə bağlı müzakirələrdə istifadə olunur:
“Texnoloji kontekstdə isə bu anlayış yüksək həyat keyfiyyəti və intellektual əməyin üstünlük təşkil etdiyi cəmiyyət modeli ilə əlaqələndirilə bilər. Əgər süni intellekt kütləvi və ağır işlərin əhəmiyyətli hissəsini öz üzərinə götürərsə, insanlar maddi əməkdən daha çox azad olaraq elmi kəşflərə, incəsənətə, fəlsəfəyə və şəxsi inkişafa vaxt ayıra bilərlər. Bu, bəşəriyyət üçün yeni inkişaf mərhələsinin başlanğıcı deməkdir.
Lakin belə bir gələcəyin reallaşması texnoloji imkanlardan istifadə üsulundan asılıdır. Süni intellekt yalnız müəyyən qrupların maraqlarına xidmət edən vasitəyə deyil, bütün bəşəriyyətin rifahını yüksəldən texnologiyaya çevrilməlidir. Süni intellekt artıq gələcəyin deyil, indiki dövrün texnologiyasıdır. Şirkətlər və insanlar üçün əsas məsələ ona necə uyğunlaşmaq və bu texnologiyanın imkanlarından hansı formada səmərəli istifadə etməkdir”.
Qeyd edək ki, “Qızıl milyard” ideyası 1970-ci illərdə SSRİ-də dünya əhalisinin artması və təbii sərvətlərin azalması ilə bağlı müzakirələr zamanı gündəmə gəlib. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində isə bu fikir Qərb ölkələrinin dünya sərvətlərini öz nəzarətində saxlamaq istədiyi iddiaları ilə əlaqələndirilməyə başlayıb. Rusiyalı publisist Anatoli Tsikunov da 1990-cı ildə bu mövzuda yazaraq ideyanı daha geniş yaymağa kömək edib.
Sözügedən ideyanın əsas mahiyyəti dünyada yalnız varlı və inkişaf etmiş ölkələrin əhalisinin yüksək həyat səviyyəsində yaşaması, digər ölkələrin insanlarının isə bu imkanlardan eyni dərəcədə faydalana bilməməsi fikridir. Bu anlayışı müdafiə edən bəzi iddialara görə, varlı ölkələr dünya sərvətlərini və təbii ehtiyatlarını öz maraqları naminə qorumağa çalışırlar.

