Ukrayna Prezidenti Volodimir Zelenski mövcud cəbhə xəttinin əsas götürülməsi ilə münaqişənin dayandırılmasını nəzərdə tutan sülh razılaşmasına müsbət yanaşdığını bildirib.
Referans Media xəbər verir ki, o, bu barədə “Fox News” jurnalisti ilə söhbəti zamanı danışıb.
Zelenskiyə Ukrayna ərazisinin ən azı 75 faizinin Kiyevin nəzarətində qalması və hazırkı vəziyyətin razılaşma ilə rəsmiləşdirilməsi şərtini qəbul edib-etməyəcəyi barədə sual ünvanlanıb. Prezident bu suala “Bəli” deyərək müsbət cavab verib.
O həmçinin evlərini itirən və hazırda xaricdə yaşayan ukraynalıların ölkəyə qayıtmasının vacibliyini vurğulayıb:
“Bizə evlərini itirmiş və xaricdə yaşayan 9,5 milyon insan lazımdır. Onların Ukraynaya qayıtmalarını istəyirik ki, sadəcə yaşasınlar və öz ölkələrini qursunlar”.
Qeyd edək ki, Zelenskinin açıqlaması Ukraynanın müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılması və mövcud hərbi vəziyyətin gələcək razılaşmada nəzərə alınması variantını müzakirə edə biləcəyinə işarə edir. Bu yanaşma ərazi məsələsinin dərhal və tam həllindən daha çox, döyüşlərin dayandırılması üçün mövcud reallıqların əsas götürülməsini nəzərdə tutur./Globalinfo.az/
