Azərbaycanda son illərdə bir sıra dövlət qurumlarının adında, strukturunda və tabeliyində dəyişikliklər edilib. Bəzi qurumlar birləşdirilib, bəziləri yenidən təşkil olunub, digərlərinin isə fəaliyyət istiqamətləri dəyişdirilib.
Referans Media xəbər verir ki, 2021-2026-cı illərdə dövlət idarəetməsinin müxtəlif sahələrini əhatə edən bir sıra mühüm struktur dəyişiklikləri həyata keçirilib.
TƏBİB Səhiyyə Nazirliyinə verildi
2026-cı il oktyabrın 19-da imzalanan Prezident fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi nəzərdə tutulub. Qurumun hüquq və öhdəliklərinin, eləcə də əmlakının yeni yaradılan publik hüquqi şəxsə verilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib. Yeni strukturun idarəetmə orqanına İdarə Heyətinin sədri və onun dörd müavini daxildir.
Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi
2022-ci ilin iyulunda Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub. Eyni zamanda, nazirliyin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Bu dəyişikliklər elm, ali təhsil, məktəbəqədər və ümumi təhsil sahələrində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.
Su təsərrüfatı üzrə qurumlar birləşdirildi
2023-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC agentliyin tabeliyinə verilib. Dəyişiklik su ehtiyatlarının idarə olunması, içməli su təchizatı və meliorasiya sahələrində fəaliyyətin vahid struktur çərçivəsində əlaqələndirilməsini nəzərdə tutub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradıldı
2021-ci il dekabrın 30-da imzalanan fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olub. Dəyişiklik 2022-ci il yanvarın 1-dən qüvvəyə minib. Bununla nazirliyin fəaliyyət istiqamətlərində rəqəmsal inkişaf və nəqliyyat sahələrinin idarə olunması ön plana çıxıb.
Aqrar sahədə yeni mərkəz
Aqrar sahədə elmi tədqiqat və innovasiya fəaliyyətinin təşkili istiqamətində də struktur dəyişiklikləri aparılıb. Aqrar İnnovasiya Mərkəzi və Aqrar Tədqiqatlar Mərkəzinin bazasında Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin yaradılması ilə bağlı tədbirlər görülüb.
Bundan başqa, su təsərrüfatı və meliorasiya üzrə elmi-tədqiqat institutlarının birləşdirilməsi, eləcə də aqrar sahədə fəaliyyət göstərən bir sıra elmi müəssisələrin yenidən təşkili həyata keçirilib.
Media və Yayım Şurası yaradıldı
2026-cı il avqustun 7-də Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılıb. Prezidentin müvafiq fərmanı ilə Medianın İnkişafı Agentliyi ləğv edilib, onun hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni quruma verilib. Audiovizual Şura isə Media və Yayım Şurasının hüquqi varisi müəyyən edilib. Yeni qurumun işçilərinin say həddi 108 ştat vahidi olaraq təsdiqlənib.
Bir sıra dövlət qurumlarının hüquqi statusu dəyişdirildi
2026-cı il iyunun 25-də imzalanan fərmanla dövlət tərəfindən yaradılan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı dəyişikliklər edilib. Dəyişikliklər Dövlət Ehtiyatları Agentliyi, Kino Agentliyi, Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Minatəmizləmə Agentliyi (ANAMA), AZƏRTAC və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi kimi qurumları əhatə edib.
2026-cı ilin oktyabrında da bu sahədə normativ aktlara əlavə və dəyişikliklər edilib.
Beləliklə, son illərdə Azərbaycanda dövlət idarəetməsinin müxtəlif sahələrində qurumların birləşdirilməsi, adlarının dəyişdirilməsi, tabelik münasibətlərinin yenilənməsi və yeni strukturların yaradılması istiqamətində bir sıra addımlar atılıb./Sfera.az/
