Dünyanın gözü Tramp-Şi görüşündə: ABŞ və Çin mühüm qərar verdi

ABŞ və Çin arasında ticarət müharibəsinin yeni mərhələyə keçməsinin qarşısını almaq üçün mühüm razılaşma əldə olunub. Vaşinqton və Pekin Busan razılaşmasının müddətini 10 yanvar 2027-ci ilədək uzatmaq barədə razılığa gəlib. Razılaşma Çin sədri Şi Cinpinqin ABŞ-a səfəri və Prezident Donald Trampla görüşü öncəsi açıqlanıb.

Referans Media xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, tərəflər daha geniş iqtisadi razılaşmanın mümkünlüyünü də müzakirə edirlər. Bununla yanaşı, ABŞ-Çin arasında tariflər, texnologiya məhdudiyyətləri və nadir torpaq elementləri ilə bağlı fikir ayrılıqları hələ də qalır.

Çin sədri Şi Cinpinq 2015-ci ildən sonra ilk dəfə ABŞ-a rəsmi səfər edib. Onu Merilend ştatındakı Endryus Birgə Hava Bazasında Donald Tramp qarşılayıb. Trampın Çin liderini hava bazasında şəxsən qarşılaması səfərin diqqətçəkən məqamlarından biri olub.

İki liderin görüşündə tariflər, ticarət münasibətləri, texnologiya məhdudiyyətləri, nadir torpaq elementləri və süni intellekt sahəsində rəqabətin müzakirə olunacağı gözlənilir. İran və Yaxın Şərqdəki vəziyyətin də görüşün gündəliyində yer alacağı bildirilir.

ABŞ və Çin arasında əldə olunan yeni razılaşma tərəflərə iqtisadi danışıqları davam etdirmək üçün əlavə vaxt verir. Mövcud razılaşmanın müddəti 10 noyabrda başa çatmalı olduğu halda, yeni qərarla bu müddət 10 yanvar 2027-ci ilədək uzadılıb.

Beləliklə, Tramp və Şi arasında keçiriləcək görüşdən əvvəl iki ölkə arasında ticarət sahəsində gərginliyin azaldılması istiqamətində konkret addım atılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki