44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaransa da, Ermənistanın Azərbaycanla bağlı mövqeyi uzun müddət dəyişməz qaldı. Azərbaycanın ərazi bütövlüyünün tanınması, üçtərəfli bəyanatın müddəalarının icrası və kommunikasiyaların açılması ilə bağlı məsələlər müharibədən sonrakı prosesin əsas gündəm mövzularından oldu.
Həmin vaxt rəsmi İrəvanın destruktiv mövqeyi, sülhdən uzaqlaşması regionu yeni toqquşma həddinə gətirdi. Lakin Azərbaycanın sərrast və müdrik yanaşması bölgədə növbəti eskalasiyanın qarşısını almaqla yanaşı, Cənubi Qafqazı dalandan çıxardı.
Referans Media bildirir ki, Globalinfo.az-a danışan deputat Samir Vəliyev deyib ki, 44 günlük müharibədən sonra kommunikasiyaların açılması məsələsi istər hüquqi öhdəliklərin icrası, istərsə də tərəflərin suverenlik və təhlükəsizliklə bağlı fərqli yanaşmaları səbəbindən uzun müddət dalana dirənmişdi:
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın doqquzuncu bəndində bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, həmçinin Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsi nəzərdə tutulurdu. Sənəddə bu marşrut üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti də nəzərdə tutulurdu. Təəssüf ki, bu bəndin hansı formada həyata keçirilməli olduğu məsələsində tərəflər arasında ciddi fundamental fikir ayrılığı yarandı. Ermənistan doqquzuncu bəndi öz ərazisi üzərində suverenliyini və yurisdiksiyasını məhdudlaşdırmayan adi kommunikasiya layihəsi kimi şərh edir”.

Samir Vəliyev
Deputat bildirib ki, burada problem təkcə yolun hər hansı fiziki nüansı ilə bağlı deyildi:
“Əsas mübahisə marşrutun təhlükəsizlik və nəzarət mexanizminin necə təşkil olunacağı ətrafında formalaşdı. Bu fikir ayrılığı faktiki olaraq kommunikasiyaların açılmasını gecikdirirdi və eyni zamanda regional nəqliyyat layihələrinin reallaşdırılmasına da mənfi təsir göstərmiş oldu. Lakin 8 avqust 2025-ci il tarixli Vaşinqton Birgə Bəyannaməsi bu məsələyə yeni çərçivə gətirdi. Azərbaycan və Ermənistan kommunikasiyaların açılmasının dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında həyata keçirilməsini təsdiqlədilər. Eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının təmin edilməsi ayrıca qeyd olundu. TRIPP marşrutu da bəyannamədə öz əksini tapdı və bu layihə üzrə çərçivənin yaradılması nəzərdə tutuldu. Bu, faktiki olaraq əvvəlki mübahisənin həlli üçün mühüm prinsip yaratdı. Azərbaycan üçün maneəsiz və etibarlı bağlantı, Ermənistan üçün isə suverenlik və yurisdiksiyanın qorunması eyni mexanizmdə birləşdirildi”.
Hansı mexanizmlərin daha effektiv ola biləcəyinə gəlincə, Samir Vəliyev hesab edir ki, burada praktik baxımdan bir neçə elementin vahid modelə uyğunlaşdırılması vacibdir:
“Bu modeldə suverenlik və maneəsiz tranzit prinsipləri nəzərə alınmalı, aydın hüquqi çərçivə müəyyən olunmalıdır. Hətta hesab edirəm ki, beynəlxalq iştirak da təmin oluna bilər. Qarşılıqlılıq, yəni Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi Ermənistan üçün iqtisadi və nəqliyyat imkanlarının açılması ilə paralel həyata keçirilə bilər. Eyni zamanda mərhələli icra və monitorinq aparıla bilər. Həmçinin bu əlaqələri rəqəmsal gömrük və sərhəd prosedurları üzərindən təmin etmək mümkündür”.
