Əhaliyə və sahibkarlara PİS XƏBƏR: Bu qiymətlər qalxır

Obyektini icarəyə verən şəxslərin vergi öhdəlikləri ilə bağlı yeni açıqlamanı necə qiymətləndirirsiniz? Bu qaydaların icarə bazarına, obyekt sahiblərinə və icarə qiymətlərinə hansı təsirləri ola bilər?

Referans Media-nın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu məsələyə iki istiqamətdən baxmaq olar.

Onun sözlərinə görə, birinci istiqamət pozitivdir:

“Pozitiv istiqamət odur ki, doğrudan da bu açıqlamalar, ümumiyyətlə, 2026-cı ildə baş verən vergi islahatları bazarda icarə münasibətlərinin şəffaflaşmasına, qara iqtisadiyyatın aradan qalxmasına, maliyyə savadlılığının artırılmasına və maliyyə hesabatlılığının, daha doğrusu, güclənməsinə gətirib çıxaracaq və son nəticədə vergidən yayınma halları aradan qaldırılacaq.

Dövlət büdcəsinə bu istiqamətdə müəyyən məbləğlər daxil olacaq ki, bu da dövlətin daha da güclənməsinə, icarə münasibətlərinin şəffaflaşmasına səbəb olacaq və iqtisadi sistem bununla daha da təkmilləşəcək. Yəni, bu baxımdan optimist tərəfidir”.

Vüqar Oruc qeyd edib ki, məsələnin pessimist tərəfi isə icarə qiymətlərinin yüksəlməsi ilə bağlıdır:

“Pessimist tərəfdə təbii ki, icarə qiymətlərinin yüksəlməsidir. Son nəticədə obyekt sahibinin üzərinə vergilərin ödənilməsinin qoyulması daha çox qiymət artımına gətirib çıxara bilər. Obyekt sahibləri qiyməti yüksəldə və bununla da özlərinin itkilərini kompensasiya etmək məqsədi güdə bilərlər.

Amma nəzərə almaq lazımdır ki, kirayə və ümumiyyətlə icarə münasibətlərində qiymətləri bir çox hallarda, əksər hallarda daha çox bazarın özü müəyyənləşdirir. Çünki icarə verənin və icarə götürənin mövqeyindən asılı olmayaraq, bazarın konkret şəraiti, tələb, təklif, mütənasiblik dərəcəsi, təkliflərin bolluğu və yaxud qıtlığı, eyni zamanda bazar iştirakçılarının sayının az və yaxud çox olması son nəticədə kirayə və yaxud icarə qiymətlərinin müəyyən olunmasına gətirib çıxarır.

Bunun üçün də bazarda öz obyektini icarəyə verən vətəndaş bazara öz obyektini çıxardan zaman, təklif edən zaman ilk növbədə bazarı təhlil edir. Analoji obyektlərin neçə qiymətə verilməsindən və yaxud verilə biləcəyindən məlumat əldə edir və ondan sonra qərarını verir ki, öz obyektini neçə qiymətə bazara çıxartmalı olar. Bu baxımdan o istiqamətdə o qədər də narahat olmağa dəyməz”.

O vurğulayıb ki, əsas məsələ icarə münasibətlərinin rəsmi qaydada həyata keçirilməsidir:

“Əsas odur ki, bütün aparılan addımlar icarə münasibətlərinin yalnız rəsmi qaydada həyata keçirilməsini tələb edir və bu da həm dövlət mənafeyi baxımından, həm də kirayə və yaxud icarə münasibətlərinin müvafiq tələblərə cavab verməsi və qanuna uyğun təşkil edilməsi baxımından çox önəmlidir.

Düşünürəm ki, baş vermiş dəyişikliklər ilk dövrlərdə müəyyən problem yaratsa da, zaman keçdikcə, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, kirayə və yaxud icarə münasibətlərinin inkişafına səbəb olacaq.

Son nəticədə bu istiqamətdə bütün ikitərəfli və çoxtərəfli münasibətlər şəffaf qaydada, dövlətin müvafiq sahədə müəyyən etdiyi qanunlara və qanunvericiliyə uyğun şəkildə, habelə vergidən yayınmamaq şərtilə və hər bir tərəfin mənafelərinin və hüquqlarının qorunması çərçivəsində öz əhəmiyyətini tapacaq”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki