image-22c9e3556e81e7ea0da66a68dadc5c0ebackend

Ən ağrılı tıxacla bağlı sürücülərə MÜJDƏ – Nəqliyyat eksperti isə deyir ki…

Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginliyi azaldacaq.

Bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, “20 Yanvar” ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”, – deyə o əlavə edib.

Paytaxtın ən problemli istiqaməti “20 Yanvar” dairəsidir. Bu ərazidə hər gün tıxacların olması adi hala çevrilib. Bəs sözügedən layihənin istifadəyə verilməsi alternativ rolunu oynayacaqmı?

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, Bakının nəqliyyat xəritəsində illərdir “qanayan yara”ya çevrilmiş “20 Yanvar” dairəsi paytaxta giriş-çıxışın əsas arteriyalarından biridir: “Bu qovşaq artıq uzun müddətdir ki, problemli məkanladandır. Səhər saatlarında kilometrlərlə uzanan tıxac, axşam isə səbrin son həddini yoxlayan sıxlıq… Vəd edilən layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu vəziyyəti dəyişəcək. Sumqayıt istiqamətindən gələn nəqliyyat axını alternativ marşrutlara yönləndiriləcək, nəticədə əsas yük M1 və M4 magistrallarından, xüsusən də “20 Yanvar” düyünündən götürüləcək”.

Ekspert deyib ki, yol tikməklə tıxac problemi həll olunmur, əgər idarəetmə sistemi dəyişmirsə, vəziyyəti dəyişmək çətin olacaq: “Son illərdə paytaxtda onlarla yeni yol, körpü və tunel istifadəyə verilib. Bununla belə, tıxaclar azalmayıb, əksinə, yeni nöqtələrə problem yaranıb. Çünki alternativ yolun çəkilməsi avtomatik olaraq sürücülərin davranışını dəyişmir. İnsanlar ən qısa və tanış marşrutdan istifadə etməyə davam edir. Əgər yeni yol logistika baxımından daha cəlbedici olmayacaqsa, o, sadəcə, “ehtiyat variant” kimi qalacaq.

Bundan başqa, şəhərə daxil olan avtomobillərin sayı hər gün artır. Statistikaya baxsaq, Bakıda avtomobil sıxlığı artıq kritik həddi çoxdan keçib. Yeni yol açmaq bu axını yalnız müvəqqəti “rahatlaşdırır”, amma problemi kökündən həll etmir. İctimai nəqliyyat sistemi hələ də sürücülər üçün real alternativ deyil. Metro xətlərinin məhdudluğu, avtobusların gecikməsi və bəzən qeyri-effektiv marşrut şəbəkəsi insanları şəxsi avtomobildən imtina etməyə təşviq etmir”.

Ekspertə görə, “20 Yanvar” problemi təkcə yol problemi deyil, eyni zamanda, şəhər planlaşdırılması problemidir: “Bu nöqtə illərlə yüklənib, amma paralel olaraq yükü böləcək sistem qurulmayıb. Bilgəh-Novxanı-Xırdalan yolunun müəyyən qədər rahatlıq gətirməsi mümkündür. Xüsusilə yay aylarında, bağlar istiqamətində hərəkət artanda bu yol alternativ kimi ciddi rol oynaya bilər. Əgər paralel surətdə ağıllı nəqliyyat sistemləri tətbiq olunmasa, ictimai nəqliyyat gücləndirilməsə, şəhərə avtomobil axınına nəzarət mexanizmləri qurulmasa, bu layihə sadəcə tıxacın ünvanını dəyişəcək. Bilgəh-Novxanı-Xırdalan yolu bir addımdır. Amma bu addımın arxasınca sistemli islahatlar olmasa, “20 Yanvar” yenə də Bakının ən ağrılı nöqtəsi olaraq qala bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki