Əraqçi indi də BƏƏ-ni hədələdi

İranın xarici işlər naziri Abbas Əraqçi  İsraillə "işbirliyinə girən" dövlətləri hədələyib.

Referans Media  xəbər verir nazir X hesabında İsrail baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə gizli səfərinə münasibətini açıqlayıb:

"Böyük İran milləti ilə düşmənçilik axmaq bir macəradır. İsraillə işbirliyinə girmək bağışlanmazdır. Nifaq salmaq üçün İsraillə işbirliyinə girənlər məsuliyyət daşıyacaqlar. Netanyahu artıq İran təhlükəsizlik xidmətlərinin çoxdan rəhbərliyimizə çatdırdığı məlumatı açıqlayıb".

Qeyd edək ki, bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi onun BƏƏ-yə gizli səfər etdiyini və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed ilə görüşdüyünü açıqlayıb.

Səfər iki ölkə arasındakı münasibətlərdə "tarixi irəliləyiş" kimi qeyd edilib. Netanyahunun ofisi səfərin nə vaxt baş tutduğunu dəqiqləşdirməyib.

CBS News mənbələri görüşün martın sonlarında baş tutduğunu bildirib.

BƏƏ isə Netanyahunun səfəri ilə bağlı məlumatları təkzib edib. Ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Birləşmiş Ərəb Əmirlikləri İsrail Baş naziri Benyamin Netanyahunun BƏƏ-yə səfəri və ya BƏƏ-də İsrailin hər hansı hərbi mövcudluğu ilə bağlı yayılan bütün məlumatları təkzib edir".

Xarici İşlər Nazirliyi BƏƏ-İsrail münasibətlərinin "kristal kimi aydın olduğunu və İbrahim Sazişləri ilə müəyyən edilmiş aydın çərçivə daxilində qurulduğunu, yəni heç bir halda gizli kanallar vasitəsilə həyata keçirilmədiyini" vurğulayıb: "Buna görə də, elan edilməmiş səfərlər və ya açıqlanmayan razılaşmalarla bağlı hər hansı iddialar, BƏƏ-nin müvafiq orqanları rəsmi olaraq açıqlamadığı təqdirdə tamamilə əsassızdır"./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki