Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur dəhlizi vasitəsilə silah, sursat və təhlükəli kimyəvi maddələrin daşınmasına icazə verilməyəcəyini açıqlayıb.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, nazir bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasında Zəngəzur dəhlizi ilə bağlı saziş layihəsini təqdim edərkən danışıb.

“Azərbaycanla aramızda da belə bir anlayış var ki, qadağan olunmuş yüklər, məsələn, silah və sursat, yaxud təhlükəli kimyəvi maddələr daşınmayacaq”, – deyə Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, Ermənistanla müxtəlif ölkələr arasında müvafiq sənədlərlə razılaşdırılmış yük və malların dəqiq siyahısı mövcuddur. Mirzoyan Azərbaycanın da bu baxımdan istisna olmayacağını bildirib.

O əlavə edib ki, bəzi kateqoriyalara aid malların daşınması üçün əvvəlcədən razılıq alınması tələb olunur.

Eyni zamanda, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası Zəngəzur dəhlizi ilə bağlı saziş layihəsini təsdiqləyib.

Xarici işlər naziri tərəfindən təqdim olunan sənədi hakim “Vətəndaş müqaviləsi” partiyasından olan dörd komissiya üzvü dəstəkləyib.

Müxalif “Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib, müxalif “Güclü Ermənistan” partiyasının nümayəndəsi isə sənədin əleyhinə səs verib.

Saziş layihəsi parlamentin qarşıdakı növbəti iclasında müzakirəyə çıxarılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki