Eldar Əzizovdan tapşırıq: Bakı üçün hazırlıq başlayır – Nələr dəyişəcək?

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər müzakirə olunub. Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib. Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bakı qışa hazırdır, yoxsa yenə eyni problemlər yaşanacaq? Bakı meri Eldar Əzizovun tapşırıqları nəyi dəyişəcək?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, bu cür görüntü xarakterli müşavirələr, pafoslu çıxışlar və tapşırıqlar hər il keçirilən tədbirlərin bir hissəsidir:

“Qışa hazırlıqla bağlı iclaslar, konfranslar və toplantıları icra hakimiyyəti strukturları mütəmadi təşkil edir. Eldar Əzizovun icra hakimiyyətlərini və paytaxtın rəhbər qurumlarını bir araya gətirməsi, onlara müvafiq tapşırıqlar verməsi müsbət haldır. Lakin təəssüf ki, Bakı hər il eyni problemlərlə üzləşməkdə davam edir. Şəhərdə su basmaları, kanalizasiya sistemlərinin bərbad vəziyyəti, istilik təminatındakı çatışmazlıqlar və nəqliyyat problemləri hələ də həllini tapmayıb. Kommunal xidmətlərə gəlincə, su və elektrik enerjisi təchizatı ümumilikdə qaydasındadır, qaz təchizatı da qənaətbəxşdir. Ancaq əsas problem Bakının infrastrukturunun qışa lazımi səviyyədə hazır olmamasıdır. Xüsusilə qarla mübarizə zamanı şəhərin kifayət qədər operativ tədbirlər görə bilməməsi ciddi çətinliklər yaradır. Bunun səbəblərindən biri də zəruri texnika və avadanlıqların, eləcə də maliyyə vəsaitlərinin yetərli olmamasıdır”.

Ekspert bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsində ciddi problemlər var:

“Bu baxımdan, Eldar Əzizovun builki müşavirəsinin və verdiyi tapşırıqların vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcəyini düşünmürəm. Əgər maddi-texniki təminat əvvəlki illərdəki səviyyədə qalırsa və mövcud problemlərin aradan qaldırılması üçün zəruri avadanlıqlar yoxdursa, müsbət dəyişikliklərə nail olmaq mümkün olmayacaq. Məsələn, qar təmizləyən maşınların sayı artırılıbmı? Duz və qum ehtiyatları yaradılıbmı? Qəfil intensiv qar yağışı və yolların buz bağlaması zamanı operativ tədbirlər görmək üçün lazımi hazırlıq varmı? Dünyanın bir çox ölkəsində, o cümlədən Moskvada və Avropanın mərkəzi şəhərlərində qarla mübarizə üçün müvafiq tədbirlər həyata keçirilir, yolların buzdan təmizlənməsi məqsədilə duz və qum qarışıqlarından istifadə olunur. Bu, şəhər infrastrukturunun qış şəraitinə uyğunlaşdırılmasının vacibliyini göstərir. Ona görə də ilk növbədə maddi-texniki təminat gücləndirilməli, infrastruktur təkmilləşdirilməli, texnika və avadanlıqların sayı artırılmalı, işçi heyəti genişləndirilməlidir. Bu addımlar atılmadığı təqdirdə, hər il eyni problemlərlə qarşılaşmağa davam edəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki