Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mebel və avadanlıqların satın alınması ilə bağlı kotirovka sorğusuna yekun vurub. Əzizov Əsəd Qacar oğlu qalib elan olunub. AQTA ilə bu şəxs arasında bağlanacaq satınalma müqaviləsinin dəyəri 36 367,6 manat təşkil edir.
Bu ilk baxışda adi kommersiya xəbəridir. Amma məsələ odur ki, Əsəd Əzizov Masallı Şəhər Bələdiyyəsi sədrinin müavinidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü – bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.” Göründüyü kimi Əsəd Əzizov sırf bələdiyyə sədri vəzifəsi ilə yanaşı sırf biznes, kommersiya fəaliyyəti ilə də məşğuldur. Bu isə ölkə qanunvericiliyinin tələblərinə ziddir. Amma bu qadağa deyəsən nə Əsəd Əzizovu, nə də onunla ticari sövdələşmələr bağlayan müxtəlif təşkilatların, o cümlədən dövlət müəssisələrinin məsul şəxslərini narahat etmir. Bəlkə də bu məqama aid qanunvericiliyin müddəalarından xəbərsizdilər.
2025-ci ildə Əsəd Əzizov müxtəlif dövlət qurumları ilə fərdi sahibkar olaraq satınalma müqavilələri imzalayıb. Onun sifarişçiləri arasında Sumqayıt şəhərinin, Ağcabədi, Daşkəsən və Qusar rayonlarının İcra Hakimiyyətləri, “Aqrarkredit” QSC BOKT (Şəki filialı), AMEA-nın Geologiya və Geofizika İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, “Xınalıq və Köç Yolu” Tarix-Mədəniyyət və Etnografiya Qoruğu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Ordubad Rayon Təhsil Şöbəsi, Bakı İlahiyyat Kolleci, Energetika Nazirliyi,
Ədliyyə Nazirliyi var. Bu müqavilələrdə əsasən mebel avadanlıqlarının satışı nəzərdə tutulur. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 297 538,74 manat təşkil edir.
Adıçəkilən bütün təşkilatlarda yəqin hüquq şöbələri və ya hüquqşünas fəaliyyət göstərir. Əgər hansısa fiziki və ya hüquqi şəxslə müqavilə bağlanırsa, müvafiq araşdırma aparılıb sənədin qanunauyğunluğu yoxlanmalıdır. Görəsən bu qədər təşkilat, əsasən də Ədliyyə Nazirliyi belə bir xətaya necə yol verib? Bəlkə də bu işin içində biz bilmədiyimiz işlər var. Yoxsa ölkə daxili və xaricində nə qədər mebel istehsalçısının içində hamının Əsəd Əzizovun fərdi istehsalına üstünlük verməsi bir qədər şübhə yaradır.























