Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlsə də, mövcud şəraitdə bu məsələnin aktuallığı sual altındadır.
Referans Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ali təhsilli şəxslər üçün hərbi xidmət müddəti artıq qısaldılmış formada tətbiq olunur:
“Hazırda Azərbaycanda ali təhsilli şəxslər üçün müddətli hərbi xidmət 1 ildir, digər şəxslər üçün isə 1 il 6 aydır”.
Ekspert qeyd edib ki, ali təhsilli gənclərin sayının kifayət qədər çox olması fonunda xidmət müddətinin daha da azaldılması ordunun potensialına mənfi təsir göstərə bilər:
“Ətrafımızda müharibələr davam edir, qeyri-müəyyənliklər çoxdur və təhdidlər azalmayıb. Belə bir şəraitdə xidmət müddətinin azaldılması üçün uyğun zəmin yoxdur”.
Onun sözlərinə görə, bu məsələ hazırda aidiyyəti dövlət qurumlarının gündəmində də yer almır. Lakin gələcəkdə müəyyən şərtlər daxilində müzakirə oluna bilər:
“Bunun üçün ilk növbədə Ermənistanla sülh sazişi imzalanmalı, regiondakı münaqişələr başa çatmalı və mövcud təhdidlər aradan qalxmalıdır”.
Ədalət Verdiyev vurğulayıb ki, müasir texnologiyalara əsaslanan silah və avadanlıqların istifadəsi üçün ali təhsilli kadrlara ciddi ehtiyac var. Bu baxımdan, yüksək nəticə göstərən gənclər üçün xüsusi imkanlar yaradılır:
“Yüksək bal toplayaraq nüfuzlu xarici universitetləri bitirən şəxslər üçün orduda intellektual bölmələrdə xidmət keçmək imkanı verilir. Bu da onların təhlükəsizlik sisteminə mühüm töhfə verməsinə şərait yaradır”.
Sonda ekspert bildirib ki, mövcud şəraitdə xidmət müddətinin yenidən azaldılması aktual deyil və dövlətin prioritetləri sırasında yer almır.
Gülnaz Abdullazadə
