Son dövrlərdə qida zəhərlənməsi ilə bağlı müxtəlif hallar qeydə alınır.
Son olaraq Samux rayonunda 5 nəfərin qidadan zəhərləndiyi bildirilir. İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi qeyd olunur.
Ət və ət məhsulları gündəlik qidalanmada geniş istifadə olunan məhsullar sırasındadır. Bu məhsulların düzgün saxlanılmaması, daşınması və hazırlanması zamanı qaydalara əməl edilməməsi isə qida zəhərlənməsi riskini artıra bilər.
Bəs gündəlik istifadə etdiyimiz ət məhsulları hansı hallarda insan sağlamlığı üçün təhlükə yarada və qida zəhərlənməsinə səbəb ola bilər?
Referans Media mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, ət məhsullarının düzgün saxlanılmaması və kifayət qədər bişirilməməsi zəhərlənmə riskini artıran əsas amillərdəndir:
"Ət məhsulları düzgün saxlanmadıqda, daşınmadıqda və ya kifayət qədər bişirilmədikdə insanlarda qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə çiy ət uzun müddət otaq temperaturunda qaldıqda bakteriyaların, o cümlədən Salmonella, E. coli və digər xəstəliktörədici mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır".
Ekspert qeyd edib ki, əsas risklərdən biri də soyuq zəncirin pozulmasıdır:
"Ət məhsulu mağazaya və ya evə gətirilənədək uyğun temperaturda saxlanılmayıbsa, yaxud soyuducuda temperatur düzgün deyilsə, mikroorqanizmlərin inkişafı sürətlənə bilər. Dondurulmuş ətin dəfələrlə əridilib yenidən dondurulması da onun təhlükəsizliyini və keyfiyyətini azalda bilər".
F.Səfərov bildirib ki, ətin bişirilməsi zamanı da müəyyən qaydalara əməl olunmalıdır:
"Ətin iç hissəsi kifayət qədər termiki emal olunmadıqda bəzi xəstəliktörədici mikroorqanizmlər məhv olmaya bilər. Xüsusilə qiymə, toyuq əti və içalat məhsullarında bu risk daha yüksəkdir. Ətin yalnız xarici səthinin bişməsi onun tam təhlükəsiz olduğu anlamına gəlmir".
Qida eksperti çiy ətlə hazır qidaların təmasının da ciddi risk yaratdığını vurğulayıb:
"Məsələn, çiy ət üçün istifadə olunan bıçaq və doğrama taxtası yuyulmadan salat və ya hazır yemək üçün istifadə edilərsə, mikroblar digər qidalara keçə bilər. Buna görə çiy və bişmiş məhsullar ayrı saxlanmalı, onların hazırlanmasında istifadə olunan avadanlıqlar yaxşı yuyulmalıdır".
Ekspert istehlakçılara ət məhsulları alarkən də diqqətli olmağı tövsiyə edib:
"İstehlakçı ət alarkən məhsulun görünüşünə, qoxusuna, qablaşdırmasına, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət etməlidir. Şişmiş və ya zədələnmiş qablaşdırmada olan, xoşagəlməz qoxusu və şübhəli görünüşü olan ət məhsullarından istifadə etmək olmaz. Əsas prinsip budur: ət məhsulunun təhlükəsizliyi yalnız onun təzəliyindən deyil, istehsaldan istehlaka qədər bütün mərhələlərdə düzgün saxlanma və hazırlanmasından asılıdır".
