Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun ucqar kəndi olan Sahiloba kəndinin sakinləri ilə keçirib.
Referans Media xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, ailə cəmiyyətin əsas dayağı, milli-mənəvi dəyərlərin qorunduğu və gələcək nəsillərə ötürüldüyü mühüm institutdur: “Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində ailə, milli-mənəvi dəyərlər, gənc nəslin tərbiyəsi və vətənpərvərlik xüsusi əhəmiyyət daşıyıb. Onun rəhbərliyi ilə formalaşdırılan milli dövlətçilik ideologiyası Azərbaycan xalqının tarix, dil, mədəniyyət və milli-mənəvi irsinə bağlılığının möhkəmləndirilməsinə xidmət edib”.
RİH-nin başçısı bu siyasi və dövlətçilik xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini vurğulayıb. Dövlət başçısının fərman və sərəncamlarında ailə institutunun möhkəmləndirilməsi, uşaqların və gənclərin hüquqlarının və rifahının qorunması, sosial müdafiənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və vətəndaşların layiqli həyat şəraitinin təmin olunması istiqamətində mühüm tədbirlər öz əksini tapır.
Neftçala RİH-in başçısı həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən elektrik təsərrüfatının yenilənməsi, kanalların lildən və kol-kosdan təmizlənməsi, kənddaxili yolların təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olaraq müraciət edə bilərlər.





