Son dövrlərdə bəzi marketlərdə çörəyin birbaşa satış məntəqəsinin daxilində, xüsusi təndirlərdə bişirilərək satışa çıxarılması geniş yayılıb.
Təzə və isti çörəyin alıcılar üçün cəlbedici olması ilə yanaşı, market daxilində təndir və sobanın yaratdığı yüksək temperatur digər qida məhsullarının saxlanma şəraiti ilə bağlı suallar yaradır.
Xüsusilə süd məhsulları, ət və ət məhsulları, hazır qidalar kimi temperatur rejiminə həssas məhsulların təndirə yaxın yerləşdirilməsi onların keyfiyyətinə və təhlükəsizliyinə təsir göstərə bilərmi?
Referans Media bildirir ki, mövzu ilə bağlı AZXEBER.COM-a danışan qida eksperti Asim Vəliyev qeyd edib ki, marketlərdə təndir və digər qida məhsulları arasında düzgün məsafənin və havalandırma sisteminin təmin edilməsi vacibdir:
"Bəzi böyük marketlərin daxilində, ya birbaşa satış sahəsində quraşdırılmış mini-təndirlərdə çörək bişirilməsi zamanı havalandırma və temperatur idarəetməsi düzgün qurulmadıqda qonşuluqda satılan həssas qida məhsullarının keyfiyyətinə, təhlükəsizliyinə, rəf ömrünə ciddi şəkildə mənfi təsir göstərə bilər. Yüksək risk qrupuna daxil qida məhsullarının saxlanma rejimlərində temperaturun 5 ilə 60 dərəcə arasında olması patogen mikroorqanizmlərin sürətlə çoxalması üçün ideal mühit yaradır. Təndirdən yaranan yüksək istilik və konveksiya axınları ətrafdakı soyuducu vitrinlərin yükünü artırır. Əgər vitrinlərin soyutma gücü bu əlavə istilik yükünü kompensasiya edə bilmirsə, temperatur təhlükəli zonaya daxil olur”.
Ekspert qeyd edib ki, təndir zamanı yaranan isti hava axını və digər hissəciklər açıq şəkildə satılan qidalara da təsir göstərə bilər:
"Təndir prosesi zamanı yaranan isti hava axını, un tozları, yanma məhsulları havanın hərəkəti vasitəsilə açıq şəkildə satılan qablaşdırılmamış digər qidalara ötürülə bilər. Un tozları havadan uçaraq digər qidaların üzərinə çökərək orada kif sporlarının inkişafı üçün uyğun nəm və qida mühiti yarada bilər. Çörək bişirilməsi zamanı mühitə buxar və rütubət buraxılır. Belə olduqda yaxınlıqda quru halda saxlanmalı olan məhsullarda nəm miqdarının artmasına, nəticə olaraq kiflənməyə, tez xarab olmağa səbəb olur”.
A.Vəliyev vurğulayıb ki, təndir zonası ilə digər qida məhsullarının satıldığı rəflər arasında müvafiq şərait yaradılmalıdır:
"Təndir zonası ilə digər qida rəfləri arasında fiziki arakəsmə olmalıdır. Təndirin üzərində güclü lokal sovurucu ventilyasiya işləməli, yaranan istilik və buxar birbaşa çölə çıxarılmalıdır. Əgər getdiyimiz marketdə təndir istiliyi birbaşa süd məhsullarının və ya qastronomiya vitrinlərinin üzərinə vurursa, həmin vitrinlərin rəqəmsal termometrlərinə nəzər yetirsək yaxşı olar. Temperatur 4 dərəcədən aşağı olmalıdır. Üstü açıq, təndirə yaxın yerdə saxlanılan tez xarab olan qidaları ümumiyyətlə almasaq yaxşıdır. Temperatur rejimi pozulmuş soyuducu vitrinlərdə saxlanılan tez xarab olan qidalar ağır qida zəhərlənmələrinə səbəb ola bilər”.
