Yüksək xolesterini olanlar OXUSUN– Həkimdən XƏBƏRDARLIQ

Xolesterinin yüksək olması bir çoxu ciddi problem kimi qəbul etmir. Xüsusilə heç bir aşkar əlamət olmadıqda insanlar analiz nəticəsində xolesterinin yüksək olduğunu bilsələr belə, buna vaxtında reaksiya verməyə və həkimə müraciət etməyə bilər. Halbuki həkimlər xəbərdarlıq edirlər ki, yüksək xolesterin uzun müddət simptomsuz davam edərək insult, infarkta səbəb ola bilər.

Bəs yüksək xolesterin orqanizmdə hansı proseslərə səbəb olur? Xolesterinin hansı göstəricisi artıq yüksək hesab edilir və nə zaman müalicəyə ehtiyac yaranır? Yüksək xolesterin ürək-damar xəstəlikləri, infarkt və insult riskini nə dərəcədə artırır? İnsanlar xolesterin səviyyəsini nə qədər tez-tez yoxlatdırmalıdır?

Referans  Media bildirir ki, həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Qanda yağlılıq dərəcəsi genetik faktorlar, qidalanma və fiziki aktivlik kimi müxtəlif səbəblərdən çox asılıdır. İster xolesterin derivatları (törəmələri), istərsə də triqliseridlərin miqdarı bəzən genetik olaraq yüksək ola bilir. Bu hal hətta arıq insanlarda belə müşahidə edilir. Qanda yağların yüksək olması isə erkən yaşlarda qan damarlarının daralmasına, tutulmasına, eləcə də ürək-damar və beyin damarlarının xəstəliklərinə — erkən insult və infarkta səbəb olur.

Ona görə də qanda xolesterin və triqliseridlərin miqdarının normal tənzimlənməsi çox şərtdir. Əgər şəxsdə erkən yaşlardan yüksək qan təzyiqi və digər oxşar problemlər varsa, onlar mütləq xolesterin və triqliserid səviyyəsini yoxlatmalıdırlar. Ümumilikdə isə, 40 yaşdan yuxarı hər bir insanın bu mübadiləyə diqqət yetirməsi lazımdır.

Xolesterin derivatları qanda "bəd xolesterin" və "yaxşı xolesterin" adlanır. Əslində bunlar aşağı və yüksək sıxlıqlı lipoproteidlərdir (LDL və HDL) və orqanizmdə müəyyən bir balansda olmalıdırlar. Yəni, aşağı sıxlıqlı lipoidlər (bəd xolesterin) az, yüksək sıxlıqlı lipoidlər (yaxşı xolesterin) isə çox olmalıdır".

Professor əlavə edib ki, müxtəlif səbəblərdən xolesterin mübadiləsi pozularsa, bu mütləq tənzimlənməlidir: "Xüsusilə ürək-damar xəstəlikləri olan və ya xolesterin mübadiləsinin pozulması nəticəsində yaranan digər xəstəliklərdən əziyyət çəkən şəxslərdə bunun ömür boyu korreksiyası tələb olunur. Bu yoxlanışlar dünyanın hər yerində ümumi check-up və skrininq müayinələri çərçivəsində nəzərə alınır.

Bir daha qeyd edirəm ki, hər bir şəxs müəyyən bir yaşdan, xüsusən də 40 yaşından sonra xolesterin mübadiləsinə diqqət etməlidir. Əgər erkən yaşlarda qan təzyiqi, ürək və ya beyin damarları ilə bağlı problemlər varsa, bu göstəricilərin vaxtında yoxlanılması və vaxtında tədbir görülməsi olduqca vacibdir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki