ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsi müddətsiz uzatması Yaxın Şərqdə gərginliyi azaltmaq əvəzinə yeni diplomatik böhrana səbəb olub. Vaşinqton tərəfi bunu danışıqlar üçün vaxt qazanmaq kimi təqdim etsə də, Tehran bu addımı “yeni hücum hazırlığı” kimi qiymətləndirir.
Referans Media xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi bildirib ki, Hörmüz Boğazındakı blokada aradan qaldırılmadan müzakirələrə qayıtmaq mümkün deyil. Bu şərt Tehranın danışıqlar masasına qayıtmaq üçün əsas tələb kimi irəli sürülüb.
Eyni zamanda İran İnqilab Keşikçiləri ABŞ-a sərt mesaj göndərərək, hər hansı hərbi əməliyyatın başlanacağı təqdirdə “cavabın çox daha ağır olacağını” bəyan edib. Açıqlamada qeyd olunub ki, hücum baş verərsə, əvvəlcədən müəyyən edilmiş hədəflərə daha güclü zərbələr endiriləcək.
ABŞ tərəfi isə atəşkəsin danışıqlar başa çatana qədər davam edəcəyini açıqlayıb və Hürmüz bölgəsində hərbi hazırlığın artırıldığını bildirib.
İran rəsmiləri isə Hörmüz Boğazında məhdudiyyətlərin davam etməsini “müharibə aktı” kimi dəyərləndirir və bunun atəşkəsin pozulması anlamına gəldiyini vurğulayır.
Bütün bu qarşılıqlı bəyanatlar bölgədə atəşkəsin nə qədər davamlı olacağı ilə bağlı ciddi suallar doğurur və gərginliyin yenidən yüksəlməsi ehtimalını artırır.























