Abdullah Öcalanın İmralı həbsxanasında fevral ayının əvvəlində keçirilən görüşlər zamanı səsləndirdiyi iddia olunan fikirlər mediaya sızıb. Məlumata görə, Öcalan Selahattin Demirtaşla bağlı müzakirələrə də münasibət bildirib.
Referans Media xəbər verir ki, Öcalanın “Selahattin nə edə bilər?” ifadəsi diqqət çəkib. O, prosesdə əsas təşəbbüsün özündən gəldiyini iddia edərək, bəzi dairələrin “Öcalan ilə olmaz” yanaşmasına etiraz edib. Bildirilir ki, o, bu vəziyyəti “maneə kimi göstərilmək” kimi qiymətləndirib.
Öcalanın sözlərinə görə, prosesdə onun rolunun nəzərə alınmaması ciddi yanlışlıqdır və alternativ adların önə çəkilməsi məsələnin həllinə töhfə vermir. O, Selahattin Demirtaşın bu prosesdə həlledici rol oynaya bilməyəcəyini də vurğulayıb.
Məlumatlara əsasən, Öcalan həmçinin MHP sədri Dövlət Baxçalının təşəbbüsü ilə başlayan proses barədə də fikirlər bildirib və bunu “gözlənilməz və diqqətçəkən addım” kimi dəyərləndirib.
Bundan əlavə, ona qarşı istifadə edilən “uşaq qatili” ifadəsinə etiraz etdiyi, bu ifadəni qəbul etmədiyi və uzun illər davam edən münaqişənin məsuliyyətinin tək tərəfli qiymətləndirilməsinə qarşı çıxdığı da iddia olunur.























