Ev telefonundan istifadə etməyənlərin NƏZƏRİNƏ: Bu ödənişlərdən can qurtarmaq olarmı?

Dünyanın bir çox ölkəsində ənənəvi stasionar telefon şəbəkələri mərhələli şəkildə ləğv edilir və onların yerini internet üzərindən işləyən rəqəmsal rabitə texnologiyaları tutur. Azərbaycanda isə internet paketlərinin böyük hissəsi hələ də ev telefonu xidməti ilə birlikdə təqdim olunur. Bu isə istifadə etmədiyi xidmətə görə ödəniş etdiyini düşünən abonentlərin narazılığına səbəb olur. 

Referans Media-ya danışan İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, mövcud yanaşmanın arxasında həm texniki, həm də iqtisadi səbəblər dayanır.

Onun sözlərinə görə, bu gün dünyada telekommunikasiya sektorunda əsas tendensiya səs xidmətlərindən daha çox genişzolaqlı internet xidmətlərinə yönəlməkdir. Bir çox ölkədə ənənəvi mis kabel üzərindən işləyən stasionar telefon şəbəkələri mərhələli şəkildə ləğv edilir və onların yerini IP əsaslı texnologiyalar tutur.

Ekspert qeyd edib ki, Azərbaycanda isə tarixi səbəblərdən telekommunikasiya infrastrukturu uzun müddət stasionar telefon xətti üzərində qurulduğu üçün internet xidmətləri də həmin infrastrukturla birlikdə təqdim olunmağa başlayıb.

K.Əsədullayev vurğulayıb ki, texniki baxımdan müasir fiber-optik şəbəkələrdə internet və səs xidməti bir-birindən asılı deyil.
"Operator istəsə, istifadəçiyə yalnız internet xidməti təqdim edə bilər. Bu, hazırda istifadə olunan GPON və digər müasir texnologiyalar baxımından tam mümkündür", – deyə o bildirib.

İT mütəxəssisinin sözlərinə görə, iqtisadi baxımdan paket şəklində xidmət göstərilməsi operatorlar üçün daha sərfəlidir. Bu model həm mövcud telefon nömrələrinin və xidmətlərinin saxlanmasına, həm də vahid tarif siyasətinin tətbiqinə imkan yaradır. Bundan əlavə, bəzi köhnə tarif və abunə modellərində stasionar telefon əsas xidmət kimi nəzərdə tutulur.

O qeyd edib ki, istifadə olunmayan stasionar telefon xidmətinin internet paketindən ayrılması texniki baxımdan ciddi problem yaratmır. Bu məsələ daha çox operatorların kommersiya siyasəti, tarif modelləri və tənzimləyici yanaşmaları ilə bağlıdır.

K.Əsədullayev hesab edir ki, yaxın illərdə Azərbaycanda da yalnız internet xidmətinin ayrıca təqdim olunması daha geniş yayılacaq. Onun fikrincə, fiber-optik şəbəkələrin genişlənməsi, rəqəmsal transformasiya və istifadəçi tələbatının dəyişməsi operatorları daha çevik tariflər təqdim etməyə təşviq edə bilər.

"Gözlənti ondan ibarətdir ki, gələcəkdə abonentlər internet, televiziya və səs xidmətlərini ehtiyaclarına uyğun şəkildə ayrıca seçə biləcəklər. Bu yanaşma həm istifadəçi məmnuniyyətini artırar, həm də bazarda rəqabətin inkişafına müsbət təsir göstərə bilər", – deyə ekspert əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki