"Fənərbaxça"nın transfer qərarı gündəm oldu: Ala bilmədikləri 3 hücumçu 17 qol vurdu

"Fənərbaxça"nın yay transfer dönəmində heyətinə qatmaq istədiyi, lakin transferi baş tutmayan hücumçular yeni mövsümə möhtəşəm start veriblər. Onların göstərdiyi performans İstanbul təmsilçisinin hücum xəttində etdiyi seçimləri yenidən gündəmə gətirib.

Referans Media xəbər verir ki, sarı-lacivərdlilərin transfer gündəmində olan Vangelis Pavlidis, Luis Suares və Serhu Qirassi mövsümün ilk həftələrində ümumilikdə 17 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıblar.

Pavlidisdən möhtəşəm start

"Fənərbaxça"nın transfer siyahısında yer alan Vangelis Pavlidis yeni mövsümə fırtına kimi başlayıb. Yunanıstanlı hücumçu keçirdiyi 9 oyunda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, Pavlidis cəmi 9 qarşılaşmada 14 qola birbaşa töhfə verib.

Suares və Qirassi də boş dayanmır

"Fənərbaxça"nın transfer hədəflərindən biri olduğu bildirilən Luis Suares də mövsümə uğurlu başlayıb. Kolumbiyalı hücumçu ilk 5 oyununda 4 qol və 1 məhsuldar ötürmə edib. Serhu Qirassi isə 3 qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, "Fənərbaxça"nın heyətinə qata bilmədiyi üç hücumçu birlikdə 17 oyunda 17 qol və 5 məhsuldar ötürmə edərək 22 qola birbaşa töhfə verib.

Lukaku hələ qol vura bilməyib

"Fənərbaxça"nın böyük ümidlərlə transfer etdiyi Romelu Lukakunun statistikası isə hazırda gözləntiləri doğrultmur. Belçikalı ulduz İstanbul klubunun heyətində keçirdiyi 5 rəsmi oyunda hələ nə qol vurub, nə də məhsuldar ötürmə edib. Lukaku Super Liqada 3 qarşılaşmada ümumilikdə 73 dəqiqə meydanda olub və hələ əsas heyətdə start götürməyib.

Muriqi 4 qola töhfə verib

"Fənərbaxça"nın digər hücumçusu Vedat Muriqi isə Lukakudan daha məhsuldar olsa da, Pavlidisin göstəricilərindən xeyli geri qalır. Kosovolu forvard Super Liqada keçirdiyi 4 oyunda 2 qol və 1 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasının təsnifat mərhələsində “Lion”la qarşılaşmada da fərqlənib. Beləliklə, Muriqi bütün turnirlərdə keçirdiyi 7 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəqəmlər Fənərbaxçanın transfer seçimlərini gündəmə gətirdi

"Fənərbaxça"nın ala bilmədiyi üç hücumçunun statistikası:
Vangelis Pavlidis: 9 oyun, 11 qol, 3 assist – 14 qola töhfə
Luis Suares: 5 oyun, 4 qol, 1 assist – 5 qola töhfə
Serhu Qirassi: 3 oyun, 2 qol, 1 assist – 3 qola töhfə

"Fənərbaxça"nın transfer etdiyi hücumçuların statistikası isə belədir:
Vedat Muriqi: 7 oyun, 3 qol, 1 assist – 4 qola töhfə
Romelu Lukaku: 5 oyun, 0 qol, 0 assist

Beləliklə, "Fənərbaxça"nın transfer edə bilmədiyi üç hücumçu indiyədək 17 qol və 5 assist, klubun heyətinə qatdığı Muriqi və Lukaku isə birlikdə cəmi 3 qol və 1 assistlə kifayətlənib.


Mövsümün hələ ilk mərhələsində olmasına baxmayaraq, xüsusilə Pavlidisin 9 oyunda 14 qola birbaşa töhfə verməsi "Fənərbaxça"nın yay transfer siyasəti ilə bağlı müzakirələri daha da qızışdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki