Aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması nəzərdə tutulur.
Referans Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə deyib.
Nazir bildirib ki, bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaqdır:
"Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaqdır".
