Son illər Azərbaycanda gənclərin ailə qurma yaşının artması, nikahların azalması çox müzakirə olunan mövzulardandır. Gənclərin böyük hissəsi bunu aşağı gəlir, bahalaşan kirayə qiymətləri, mənzil almağın, yaşayış xərclərini qarşılamağın çətinliyi ilə əlaqələndirir.
Bununla yanaşı, mütəxəssislər hesab edirlər ki, problem təkcə qazancın azlığında deyil. Şəxsi maliyyənin düzgün idarə olunmaması, büdcə planının olmaması və maliyyə savadlılığının zəifliyi də ailələrin iqtisadi sabitliyinə təsir göstərən əsas amillərdəndir.
Bəs gənclər pullarını necə idarə etməlidirlər? Gənclərin ən çox yol verdiyi maliyyə səhvləri hansılardır? Maliyyə savadlılığı ailə həyatına necə təsir edir? Ailə qurmağa hazırlaşan gənclər büdcələrini necə planlaşdırmalıdırlar? Gəlir, zəruri xərclər, yığım və gözlənilməz xərclər arasında balans necə qurulmalıdır?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, ailələrin qurulduğu dövr həm xərclərin çox olduğu, həm də gənclərin şəxsi yığımlarının, demək olar ki, olmadığı bir mərhələdir: “Bu səbəbdən həmin dövrdə onların valideyn dəstəyinə daha çox ehtiyacı yaranır. Digər tərəfdən, gənclərin əmək fəaliyyəti də müəyyən çətinliklərlə müşayiət olunur. Adətən ailənin əsas maddi yükü kişinin üzərinə düşür. Qadın işləsə belə, analıq məzuniyyətinə çıxmalı olduğu üçün müəyyən müddət əmək fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.
Bu baxımdan gənc ailələrin büdcəsində çətinliklərin yaranması təbiidir. Çünki bu dövrdə həm ailə həyatının sıfırdan qurulması, həm yeni övladın dünyaya gəlməsi, həm də mənzil problemi əlavə xərclər yaradır. Üstəlik, gənclər əmək bazarında hələ tam mövqeləşmədikləri üçün gəlirləri də sabit olmur.
Ona görə də bu mərhələdə əsas məsələlərdən biri qənaət etmək, ailədaxili yığımlar formalaşdırmaq və xərcləri düzgün tənzimləməkdir. Yalnız bu yolla ailə büdcəsini tədricən formalaşdırmaq və maliyyə dayanıqlığını möhkəmləndirmək mümkündür”.
Hüquqşünas Əkrəm Həsanov Medianews.az-a deyib ki, "maliyyə çətinliyi", "ev yoxdur" və ya "gəlir azdır" kimi arqumentlər xüsusilə SSRİ dövrünün sonları və müstəqilliyin bərpa olunduğu ilk illərlə müqayisədə əsas səbəb hesab oluna bilməz. Onun sözlərinə görə, həmin dövrlərdə vəziyyət indikindən daha ağır idi: “İşsizlik hökm sürürdü, gəlirlər indiki ilə müqayisədə qat-qat az idi. Buna baxmayaraq, insanlar yenə də evlənirdilər. Ona görə də təkcə bu səbəbi əsas gətirmək düzgün deyil.
Məncə, indiki gənclərdə maliyyə planlaşdırması, ailə büdcəsini idarə etmək, öz istək və tələbatlarını məhdudlaşdırmaq bacarığı zəifdir. Hər şeyə sahib olmaq istəyirlər. Xatırlatdığım SSRİ dövründə və müstəqilliyin bərpa olunduğu ilk illərdə, yəni 1990-cı illərdə insanlar çox qənaətlə yaşayırdılar. Ailələr restorana və ya kafeyə ildə bəlkə bir dəfə gedər, bəzən isə heç getməzdilər. Mağazadan şirə almaq ayda bir dəfə olar, ya da ümumiyyətlə olmazdı. İnsanlar əsasən kran suyu və çay içirdilər. Yəni qənaət var idi. İndi insanlar belə yaşamaq istəmirlər. Bunun da səbəbi müəyyən mənada ətraf mühitin təsiri və sosial təzyiqdir. Hamıda olanın özlərində də olmasını istəyirlər. Nəticədə qənaət etmək vərdişi formalaşmır.
Lakin mən gənclərin ailə qurmamasının və nikah yaşının artmasının əsas səbəbini başqa amildə görürəm. Bu da nikahdankənar intim münasibətlərin daha əlçatan olmasıdır”.
Ə.Həsənov qeyd edib ki, əvvəllər təkcə Azərbaycanda deyil, bütün dünyada, xüsusilə 1970-ci illərdə başlayan "cinsi inqilab"a qədər birgə intim həyat yaşamaq üçün nikah bir növ "lisenziya" rolunu oynayırdı: “Evli olmayan şəxslərə cəmiyyət mənfi yanaşırdı. Bu, həm Şərqdə, həm də Qərbdə belə idi. İndi isə bu məsələ xeyli adiləşib. Şəhərlərdə, xüsusilə Bakıda, "hələ bir müddət birlikdə yaşayaq, bir-birimizi tanıyaq" düşüncəsində olan insanların sayı artır.
Belə şəraitdə etiraf etmək lazımdır ki, evlilik təklifi əksər halda kişilərdən gəlir. İntim münasibətlərə meyl kişilərdə daha güclü olduğundan, əgər onlar evlənmədən də bu ehtiyaclarını qarşılaya bilirlərsə, belə düşünürlər: "Hara tələsirəm? Uşaq istəyəndə evlənərəm". Oxşar meyl müəyyən dərəcədə qadınlarda da müşahidə olunur. Çünki cəmiyyət dəyişib, Qərbləşmə prosesi güclənib.
Bu dəyişikliklər dünyada kontraseptiv vasitələrin geniş yayılması ilə başlayıb. Əvvəllər insanlar arzuolunmaz hamiləlikdən və cinsi yolla keçən xəstəliklərdən daha çox ehtiyat edirdilər. Kontraseptiv vasitələrin yayılması həmin riskləri azaltdı və nəticədə insanlar nikahdankənar həyat tərzinə çox alışdılar. Şəxsi qənaətimə görə, əsas səbəb məhz budur.”
İqtisadçı Xalid Kərimli Medianews.az-a açıqlamasında bildirib ki, gənclərin daima səhv etdiyi haqda cəmiyyətdə formalaşmış stereotiplə razılaşmır: “Niyə səhv etsinlər ki? Kifayət qədər ağıllı, rasional, məlumatlı bir nəsil yetişib. Özündən əvvəlki nəsillərlə müqayisədə daha doğru və daha informasiyalı qərarlar verməyi bacarırlar.
Sadəcə olaraq ölkə iqtisadiyyatında yaxşı iş yerləri və yüksək qazanc imkanları məhduddur. Məsələn, bir gənc, deyək ki, jurnalist kimi fəaliyyət göstərir. Nə qədər əməkhaqqı alır? Olsun, 700-800, lap 1000 manat. Bununla nə etmək olar? Bakıda mənzillərin qiyməti 150 min manatdan başlayır, kirayə xərci isə aylıq 700-800 manatdır. Yəni nə qədər ağıllı olsanız da, bu cür şəraitdə nailiyyət çox çətindir. Unutmayaq ki, mən hələ təhsilli və zəhmətkeş gənclərdən danışıram.
Ona görə gənclərdə günah görmürəm. Dövlət və iqtisadi qurumlar yeni iş yerlərinin açılmasına, gəlirlərin və əməkhaqqının artırılmasına, ölkənin iqtisadi inkişafına nail olmalıdırlar ki, gənclər də özlərinə layiqli yer tapa bilsinlər. Mənzil şəraitini yaxşılaşdırmaq üçün yeni binaların tikintisi asanlaşdırılmalıdır ki, gənclərin mənzil təminatı yaxşılaşsın.
Qüsur sayıla biləcək tək cəhət odur ki, bəzi gənclər heç nəyə əlləri çatmaya-çatmaya gedib lüks brend məhsullar almağa can atır, lazımsız kredit borclarına girir, öz imkanlarına uyğun olmayan bahalı əşyalar alırlar. Çünki özlərini oxşatmaq istədikləri təbəqənin istehlakçı davranışını təqlid edirlər. Bəli, burada lazımsız xərclərə yol verdiklərini demək olar. Lakin bu, problemin olsa-olsa 10 faizi olar. Problemlərin qalan 90 faizi isə ölkədə sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasından asılıdır”.
