Trampdan sərt qərar: ABŞ vətəndaşlığı ilə bağlı qaydalar yenilənir

ABŞ Prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi praktikasını məhdudlaşdırmaq məqsədilə yeni addımlar atıb. Tramp bu tətbiqin dayandırılmasını istədiyini açıqlayaraq yeni sərəncamlar imzalayıb.

Referans Media xəbər verir ki, lakin ABŞ-da doğuş yolu ilə vətəndaşlıq hüququ hazırda ümumi şəkildə qüvvədə qalır. Tramp administrasiyasının yeni təşəbbüsünün kimlərə şamil ediləcəyi və hüquqi baxımdan tətbiq olunub-olunmayacağı məhkəmə proseslərindən sonra müəyyənləşəcək.

Tramp Ağ Evdə çıxışı zamanı ABŞ-da doğuş yolu ilə vətəndaşlıq hüququnu hədəf alıb. O bildirib ki, bu tətbiqin köləlik dövründən qaldığını iddia edir və administrasiyasının onun ləğvi istiqamətində fəaliyyət göstərdiyini açıqlayıb. "Bu tətbiqə son veririk", – deyə Tramp bildirib.

ABŞ prezidentinin ölkəsinin doğuş yolu ilə vətəndaşlıq hüququ verən yeganə ölkə olduğu barədə fikri isə doğru hesab edilmir. Dünyanın bir sıra ölkələrində də müəyyən şərtlərlə bu hüquq tətbiq olunur.

Tramp avqustun 6-da doğuş yolu ilə vətəndaşlığı və "doğuş turizmi" adlandırılan praktikanı məhdudlaşdırmağa yönələn iki yeni prezident sərəncamına imza atıb. Yeni tənzimləmələr Trampın 2025-ci ildə imzaladığı ilk sərəncamdan daha məhdud çərçivəyə malikdir.

Yeni qərarlara əsasən bəzi xarici dövlət rəsmilərinin uşaqları, müəyyən xarici qurumlarla əlaqəli şəxslərin övladları, vətəndaşlıq əldə etmək məqsədi ilə təşkil edildiyi iddia olunan bəzi doğuş halları hədəfə alına bilər. Bundan əlavə, "doğuş turizminin" qarşısını almaq üçün viza qaydalarının sərtləşdirilməsi nəzərdə tutulur.

Tramp administrasiyasının bu təşəbbüsü qarşısında əsas hüquqi maneə ABŞ Konstitusiyasının 14-cü düzəlişidir. Həmin düzəlişə əsasən, ABŞ ərazisində doğulan və ölkənin yurisdiksiyasına tabe olan şəxslər vətəndaşlıq hüququ əldə edir. ABŞ Ali Məhkəməsi 30 iyun 2026-cı ildə Trampın əvvəlki doğuş yolu ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını 6-3 səs nisbəti ilə Konstitusiyaya zidd hesab edərək qüvvədən salıb. Məhkəmə qərarında ABŞ-da qanunsuz yaşayan və ya müvəqqəti vizaya malik valideynlərin ölkədə doğulan uşaqlarının da doğuşdan vətəndaşlıq hüququna malik olduğu bildirilib.

Yeni qərar kimlərə təsir edə bilər?

Əgər Tramp administrasiyasının planı hüquqi baxımdan qüvvəyə minərsə, ABŞ ərazisində doğulma faktı bəzi uşaqlar üçün artıq avtomatik vətəndaşlıq təmin etməyə bilər.

Bu dəyişiklik xüsusilə ABŞ vətəndaşı olmayan və daimi yaşayış icazəsi almayan xarici şəxslərin ölkədə dünyaya gələn uşaqlarına təsir göstərə bilər.

Belə halda uşaqların ABŞ pasportu almaq hüququ, təhsil, iş və gələcək siyasi imkanları ilə bağlı statusları dəyişə bilər.

Yeni sərəncamlar həmçinin övladlarının ABŞ vətəndaşı olması məqsədilə ölkəyə səfər edən şəxslərə qarşı tədbirləri sərtləşdirməyi nəzərdə tutur. Administrasiya bu məqsədlə ölkəyə daxil olmaq istəyən şəxslər üçün viza qaydalarının daha ciddi tətbiq edilməsini planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki