Ərdoğandan mühüm tapşırıq: AK Partiya 81 vilayətdə hərəkətə keçir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) "Terrordan azad Türkiyə" prosesini ictimaiyyətə izah etmək məqsədilə sentyabr ayından etibarən ölkənin 81 vilayətində genişmiqyaslı təbliğat kampaniyasına başlayacaq.

Referans Media xəbər verir ki, AK Partiyanın Mərkəzi Qərar və İdarəetmə Şurasının (MKYK) iclasında çıxış edən Ərdoğan bildirib ki, proses vətəndaşlara düzgün çatdırılmalı, dezinformasiyaya və yanlış anlaşılmalara imkan verilməməlidir. Bu məqsədlə partiya təşkilatlarına bütün vilayət və rayonlarda əhali ilə birbaşa görüşlər keçirmək tapşırılıb.

"Terrordan azad Türkiyə" prosesi izah ediləcək

Partiya nümayəndələri görüşlər zamanı ölkədaxili birliyin və milli təhlükəsizliyin gücləndirilməsinin vacibliyini ön plana çıxaracaqlar. Təbliğat zamanı terrorun sona  çatmasının milli həmrəyliyi, ictimai sabitliyi və Türkiyənin gələcək inkişafını gücləndirəcəyi vurğulanacaq. Eyni zamanda, bu prosesin təkcə Türkiyənin deyil, bütün regionun sülh və sabitliyinə töhfə verəcəyi izah ediləcək. AK Partiya nümayəndələri həmçinin hazırlanacaq qanunun ümumi amnistiya nəzərdə tutmadığını, heç bir şəxsə xüsusi status vermədiyini və ağır cinayət törədən şəxslərin bu çərçivəyə daxil edilmədiyini vətəndaşlara çatdıracaqlar.

Silahların təhvil verilməsi üçün 1,5-2 aylıq müddət planlaşdırılır

"Türkiyə" qəzetinin məlumatına görə, "Milli Həmrəylik və İctimai Bütövləşmənin Gücləndirilməsi" adlı qanun layihəsi qəbul edildikdən sonra təhlükəsizlik qurumları yeni fəaliyyət təqvimi hazırlayıb. Plana əsasən, PKK üzvlərinin silahları təhvil verməsi, istifadə etdikləri mağaraları boşaltması və logistika vasitələrini təslim etməsi üçün 1,5-2 aylıq müddət nəzərdə tutulur. Məlumata görə, PKK lideri Abdullah Öcalanın yaxın vaxtlarda təşkilat üzvlərinə silahları təhvil verərək Türkiyəyə qayıtmaları ilə bağlı çağırış edəcəyi gözlənilir. Əgər silahların təhvil verilməsi prosesi sentyabrın sonunadək başa çatsa və bununla bağlı Türkiyənin Milli Təhlükəsizlik Şurası (MGK) müvafiq qərar qəbul etsə, yeni çərçivə qanununun oktyabr ayında tətbiqinə başlanılması planlaşdırılır.

Silahların təhvil veriləcəyi məntəqələr müəyyənləşdirilir

Məlumata əsasən, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və digər dövlət qurumları İraqın mərkəzi hökuməti, Şimali İraq administrasiyası və Suriya hakimiyyəti ilə silahların hansı məntəqələrdə və hansı prosedurla təhvil veriləcəyinə dair danışıqlar aparır. İraqdakı PKK üzvlərinin Ərbil və Süleymaniyyədə fəaliyyət göstərən Türkiyə nümayəndəliklərinə müraciət etməsi, silahlarını isə həmin bölgələrdə yaradılacaq xüsusi mərkəzlərə təhvil verməsi nəzərdə tutulur.

PUA-lar və rabitə sistemləri də təhvil veriləcək

Proses yalnız odlu silahların təslim edilməsi ilə məhdudlaşmayacaq. PKK-nın istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA), paramotorlar və peyk rabitə sistemlərinin də aidiyyəti qurumlara təhvil verilməsi planlaşdırılır. MİT-in təşkilatın ixtiyarında olan silah və texniki vasitələrin siyahısını hazırladığı bildirilir.

Üst rəhbərlik güzəştlərdən yararlana bilməyəcək

Təhlükəsizlik mənbələrinin qiymətləndirməsinə görə, PKK-nın Kandildə yerləşən təxminən 180-200 rəhbər üzvü və minə yaxın təşkilat üzvü nəzərdə tutulan cəza güzəştlərindən yararlana bilməyəcək. Məlumata əsasən, təşkilatın yüksək vəzifəli rəhbərləri, o cümlədən Murat Karayılan, Cemil Bayık, Duran Kalkan, Bese Hozat və Fehman Hüseyn (Bahoz Erdal) hazırlanacaq hüquqi mexanizmin əhatə dairəsinə daxil edilməyəcək.

Həbsdə olanların işlərinə yenidən baxılacaq

Hazırda həbsdə olan, terror təşkilatına üzvlük, təşkilata yardım və ya onun təbliğatı ilə bağlı məhkum edilmiş şəxslərin işlərinə də fərdi qaydada baxılması nəzərdə tutulur. Bununla belə, ağırlaşdırılmış ömürlük həbs cəzası alanlar və qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan şəxslər yeni tənzimləmədən yararlana bilməyəcəklər. Qeyd edək ki, məqalədə yer alan silahların təhvil verilməsi təqvimi, qanunun tətbiqi və digər hüquqi mexanizmlərlə bağlı məlumatlar Türkiyə mediasının hökumət mənbələrinə istinadən yaydığı plan və gözləntilərə əsaslanır. Bu prosesin tam şəkildə necə həyata keçiriləcəyi isə rəsmi qərarlardan asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki