"Real Madrid"də yeni mövsüm öncəsi heyət planlaması davam edərkən baş məşqçi Joze Mourinyonun əsas heyətlə bağlı düşüncələri gündəmə gəlib. İspaniya mətbuatı portuqaliyalı mütəxəssisin ilk 11-də yerini təmin etdiyi futbolçular arasında Arda Gülərin olmadığını iddia edib.
Referans Media xəbər verir ki, "Real Madrid" braziliyalı ulduzu Vinisius Juniorla müqaviləni 2032-ci ilə qədər uzatdıqdan sonra komandanın yeni mövsüm planları daha da dəqiqləşməyə başlayıb.
2018-ci ildə Braziliyanın "Flamenqo" klubundan "Real Madrid"ə transfer olunan Vinisius Junior indiyədək İspaniya nəhənginin heyətində bütün turnirlərdə 375 oyuna çıxıb və 128 qol vurub. Braziliyalı futbolçu "Real Madrid"lə karyerasında 3 dəfə La Liqa, 2 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. İngiltərənin "Arsenal" klubunun Vinisiusla maraqlandığı bildirilsə də, Mourinyonun onun komandada qalmasını istədiyi qeyd edilir.
Mourinyonun 6 dəyişməz futbolçusu
İspaniyanın "AS" qəzetinin məlumatına görə, Joze Mourinyo yeni mövsümdə əsas heyətdə yerini təmin etdiyi 6 futbolçunu müəyyənləşdirib.
Həmin siyahıda:
Vinisius Junior
Kilian Mbappe
Tibo Kurtua
Mark Kukuelya
Federiko Valverde
Cud Bellinqem
Arda Gülərin mövqeyi sual altındadır
Mourinyonun dəyişməz ilk 11 siyahısında Arda Gülərin olmaması diqqət çəkib.
İddiaya görə, portuqaliyalı baş məşqçi milli futbolçunu hələlik əsas heyətin toxunulmaz üzvü hesab etmir. Arda Gülərin yeni mövsümdə komandadakı rolu onun forma uğrunda mübarizədə göstərəcəyi performansdan asılı olacaq.
Gənc futbolçunun məşqlərdə və qarşılaşmalarda göstərəcəyi oyun səviyyəsi onun əsas heyətdə daha çox şans qazanmasında həlledici amil olacaq.
