Hantavirus yayılır: Ölkələrdə hazırlıq başladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus MV Hondius adlı sərnişin gəmisində yayılan hantavirusla bağlı xəbərdarlıq edib.

Referans Media  xəbər verir ki, Parisdəki səhiyyə rəsmiləri gəmidə virusa yoluxan fransız qadının vəziyyətinin ağırlaşdığını və onun reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulduğunu açıqlayıb.

Madriddə keçirilən mətbuat konfransında çıxış edən Qebreyesus çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə İspaniyaya “həmrəylik və mərhəmət” nümayiş etdirdiyi üçün təşəkkür edib.

Hazırkı vəziyyətin daha böyük epidemiya əlaməti daşımadığını bildirən Qebreyesus deyib:

“Lakin inkubasiya müddətinin uzun olduğunu nəzərə alsaq, yaxın həftələrdə yeni halların ortaya çıxması mümkündür”.

Xatladaq ki, Argentinadan Kabo-Verdeyə doğru hərəkət edən "MV Hondius" gəmisində yayılan virus səbəbilə indiyədək biri alman, ikisi isə niderlandlı olmaqla üç sərnişin həyatını itirib. ÜST virusun “Andes” variantına aid doqquz halı təsdiqləyib. Gəmidən təxliyə olunan şəxslər arasında bir Fransa vətəndaşı ilə bir ABŞ vətəndaşının test nəticəsinin müsbət çıxdığı bildirilib.

Parisdəki səhiyyə rəsmiləri 65 yaşlı fransız xəstənin “ən ağır ürək-ağciyər vəziyyəti” ilə reanimasiyaya yerləşdirildiyini açıqlayıb.

Həkim Xavier Lescure xəstənin süni ağciyər və qan dövranı dəstəyi ilə həyatda saxlanmağa çalışıldığını bildirib. İspaniyanın Səhiyyə Nazirliyi isə Madriddəki hərbi xəstəxanada karantinə alınan 14 İspaniya vətəndaşından birinin testinin müsbət çıxdığını, lakin vəziyyətinin stabil olduğunu açıqlayıb. ÜST rəhbəri ilk yoluxma halının 6 aprel tarixində baş vermiş ola biləcəyini bildirərək sərnişinlər arasında sıx təmas və 6–8 həftəlik inkubasiya dövrü səbəbilə yeni yoluxmaların gözlənildiyini bir daha vurğulayıb.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi epidemiya ilə əlaqəli Cənubi Atlantik adalarından 10 nəfərin ehtiyat tədbiri kimi İngiltərəyə gətiriləcəyini açıqlayıb. Niderlanda çatan təxliyə təyyarələrində olan 26 sərnişinin test nəticəsi mənfi çıxsa da, Naymegen şəhərindəki xəstəxanada lazımi protokollar tətbiq edilmədən xəstə nümunələri ilə təmasda olan 12 əməkdaş altı həftəlik karantinə alınıb.

Tenerifedə yanacaq və ərzaq ehtiyatı götürən "MV Hondius" gəmisi hazırda 25 nəfərlik heyət, bir həkim və bir tibb bacısı ilə birlikdə Rotterdam limanına doğru hərəkət edir. İspaniyanın Baş naziri Pedro Sançes dünyanın eqoizmə deyil, həmrəyliyə ehtiyacı olduğunu vurğulayaraq təxliyə əməliyyatına verdikləri dəstəyin vacibliyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki