Paytaxt ərazisində dəmir
yolu xəttinə yaxın ərazilərdə yerləşən sənədsiz evlərin sökülməsi prosesi gündəmdədir.
Uzun müddətdir sözügedən
ərazilərdə məskunlaşan sakinlər üçün bu qərar həm hüquqi, həm də sosial
baxımdan narahatlıq yaradır. Dövlət qurumları təhlükəsizlik və şəhərsalma
qaydalarını əsas gətirsə də, ictimaiyyətdə evlərin taleyi və sakinlərin
hüquqları ilə bağlı suallar qalmaqdadır.
Məlumatlara görə, dəmir yolu xətləri
üzrə 24 metr və daha az məsafədə yerləşən yaşayış evləri təmamilə söküləcək.
Bəs belə sənədsiz
evlərin söküntüsü zamanı kompensasiya veriləcəkmi? Ümumi olaraq kompensasiya məbləği
necə hesablanmalıdır? Evin real qiymətinin hansı hissəsi vətəndaşa təqdim
olunmalıdır?
Hüquqşünas
Ramil Süleymanov Referans-a açıqlamasında bu sualları ətraflı şəkildə cavablandırıb.
“
“Torpaqların dövlət ehtiyyacları üçün alınması” haqqında Azərbaycan
Respublikasının qanununa görə, hər hansısa dövlət layihəsi icra olunduqda və ya
hər hansı bir strateji obyektin mühafizə zolağına yaxın yerdə tikilərsə,
ümumiyyətlə, bu qəbildən olan fərdi yaşayış evlərinin sökülməsi zamanı mütləq şəkildə
onlara kompensasiya qarşılıqlı razılaşma əsasında təyin olunur. Təyin olunan
kompensasiyanın məbləği həmin ərazi üzrə son 6 ayda və yaxud son bir ildə
bağlanan alğı-satqı müqavilələrinə əsasən müəyyən edilir. Yaxud da dövlət tərəfindən
zonaların dəyərləndirilməsinə uyğun olaraq kompensasiya məbləği təyin olunur. İstənilən
halda vətəndaşlar bunu anlamalıdırlar ki, onlar mühafizə zolağının içində yerləşirlər
və bu, təhlükəli zona olduğuna görə həyati əhəmiyyətlidir bu problem”.
Hüquqşünas
qeyd edib ki, müvafiq dövlət qurumları isə bu söküntünü həyata keçirən zaman vətəndaşın
artıq yaranmış mülkiyyət hüququ olduğunu da nəzərə almalıdırlar.
“Həmin
mülkiyyət hüququna əsasən də, vətəndaşlara kompensasiya məbləği təyin
olunmalıdır və ödənilməlidir. Əgər vətəndaşlar tərəfindən hər hansısa bir şəkildə
təyin olunan kompensasiyanın məbləği ilə bağlı narazılıq mövcud olarsa, vətəndaşın
həmin qərarla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda müvəqqəti
təmin tədbiri olaraq ərazidə söküntü işlərinin dayandırılması barədə məhkəmə qərardadının
əldə olunmasına da çalışmalıdır”.
Fidan
Vəlisoy