2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış Hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9%, o cümlədən Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4 %, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%, fərarilik cinayətləri 70 % azalıb.
Referans xəbər verir ki, bunu Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, sözügedən dövrlə müqayisədə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 52,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 18,2%; Özünü öldürmə həddinə çatdırma cinayətləri 50,0% azalıb. pizza hut
Eyni zamanda 2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 10,9%, qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlərdə isə 18,6% azalma qeydə alınıb.
“Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,2 faizi açılıb. 2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb”.