Hind okeanında indiyədək aşkar edilmiş ən böyük balina qəbiristanlığı tapıldı

Alimlər Hind okeanının cənub-şərqində apardıqları araşdırmalar zamanı indiyədək məlum olan ən dərin və ən geniş balina qəbiristanlığını aşkar ediblər.

İtaliya, Çin və Yeni Zelandiyadan olan tədqiqatçılar dənizin təxminən 7 min metr dərinliyində 485 balina fosili sahəsi və parçalanma mərhələsində olan 5 balina cəsədi müəyyən ediblər. Tapıntılar Diamantina bölgəsində aparılan sualtı tədqiqatlar zamanı aşkarlanıb.

Araşdırma nəticəsində yaşı 5,3 milyon ilə çatan nəsli kəsilmiş balina növlərinə aid fosillər də üzə çıxıb. Alimlər hesab edirlər ki, təxminən 1200 kilometr uzunluğunda uzanan bu ərazi indiyədək məlum olmayan nəhəng “balina dəhlizi” ola bilər.

Mütəxəssislər bildirirlər ki, kəşf dərin okean ekosistemlərinin necə formalaşdığını və canlıların ekstremal şəraitə necə uyğunlaşdığını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Araşdırmanın nəticələri nüfuzlu “Nature” jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki