İran, Hörmüz boğazı və ətraf sularda hərəkət edən ticarət gəmilərinə liman xidmətləri, tibbi dəstək və təchizat imkanları təqdim edəcəyini açıqlayıb.
İran Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazı və ətraf sularda olan ticarət gəmiləri ilə bağlı yeni bəyanat yayıb.
Referans MEDİA xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, İran limanları gəmilərə texniki dəstək, ərzaq, yanacaq, tibbi xidmət və təcili təmir imkanları təqdim etməyə hazırdır.
Açıqlamada bildirilib ki, bölgədəki bütün gəmilər, xüsusilə İranın ərazi suları və lövbərləmə sahələrində ehtiyac yaranacağı halda bu xidmətlərdən yararlana biləcəklər. Mesajın dəniz rabitə şəbəkələri və VHF sistemləri vasitəsilə üç gün ərzində gündə üç dəfə yayımlanacağı qeyd olunub.
ABŞ Prezidenti Donald Trump mayın 4-də etdiyi çıxışında Hörmüz boğazında qalan neytral ölkələrə məxsus ticarət gəmilərinə müşayiət təmin etmək məqsədilə “Azadlıq Layihəsi”nin başladılacağını açıqlamışdı. Trump, gəmilərdə ərzaq və əsas tələbat çatışmazlığının yarandığını bildirərək, əməliyyatın “humanitar məqsəd” daşıdığını vurğulamışdı.
