Son zamanlar işğaldan azad edilən ərazilərdən köçkün düşmüş vətəndaşların mülkiyyət hüququ ilə bağlı məsələ gündəmdədir.
Referans Media xəbər verir ki, hüquqşünas Sahib Məmmədov Musavat.com-a şərhində bir sıra məqamlara aydınlıq gətirib. O, qeyd edib ki, vaxtilə işğal olunmuş ərazilər haqqında xüsusi qanun qəbul edilməyib:
“Əslində, bu, geniş qanunlar toplusu, məcəllə olmalı idi ki, işğal altında qalan dövlət, özəl və mülkiyyət hüququ, yaşayış və qeyri-yaşayış sahələri, infrastrukturların hüquqi statusu və sonrakı taleyi tənzimlənsin. İşğal elə bir dövrə təsadüf etdi ki, biz yeni müstəqillik qazanmışdıq və Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesi başladı. Xalq Deputatları Sovetinə məxsus evlər, idarə-müəssisə binaları və s. dövlət tərəfindən əhaliyə bağışlandı. Sovet dövründə isə fərdi evlərin çox az qismi rəsmiləşdirilmişdi. O vaxt indiki mənada reyestrdən çıxarış yox idi, yalnız arayış və ya sadə dildə desək, “kupça” verilirdi ki, o da əksəriyyətdə yox idi. Qarabağda yaşamış şəxslərdən soruşmuşam, bir çoxunda bu sənədlər yoxdur, üstəgəl, əmlakların özü də mövcud deyil. İndiki qanunvericiliklə yanaşdıqda, əgər əmlak yoxdursa, ümumiyyətlə reyestrdən də çıxarılır. Əgər əmlak yoxdursa, deməli, onun üzərində mülkiyyət hüququ da qalmır. Mülkün olduğu torpağa gəlincə, o da özəlləşdirilməmişdi. Yəni, qanun olmalı idi ki, daşınmaz əmlakın (fərdi evin) və onun altındakı torpağın statusunu tənzimləsin. Eyni zamanda məcburi köçkün əhaliyə 90-cı illərdə bütün ölkədə paylanan pay torpaqları da verilmədi, çünki həmin torpaqlar işğal altında idi. Nəticədə çoxsaylı suallar ortaya çıxır. Buna görə düşünürəm ki, məsələ rekvizisiya kimi tənzimlənmə ilə mümkün ola bilər. Lakin burada da problem ondadır ki, bizim Mülki Məcəlləmiz 2000-ci ildə qəbul olunub və qanunların geriyə şamil olunmama prinsipi qüvvədədir. Yəni qanunvericilik sistemimiz, o cümlədən Mülki Məcəllə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun, Torpaq Məcəlləsi, Su Məcəlləsi və digər normativ aktlar 90-cı illərin sonu və 2000-ci illərdən etibarən formalaşıb və onlar geriyə şamil olunmur. Nəticədə bu şəxslər hələ Sovet dövründən və müstəqilliyimizin ilk illərindən başlayaraq de-fakto sahib olduqları sənədli və ya sənədsiz əmlaklarını itiriblər. Dövlətimiz sağ olsun, ilk növbədə müxtəlif rayonlarda yerləşdirilən məcburi köçkünlər üçün dövlət hesabına təmənnasız evlər tikib verir, həyətyanı sahələr və zəruri infrastruktur yaradır. Bunlar çox müsbət addımlardır. Lakin burada mülki qanunvericiliyin fundamental bir prinsipi – vərəsəlik hüququ sual altında qalır. Əgər mənim əcdadlarımın orada faktiki mülkiyyəti olubsa, mənim də ora iddiam olmalıdır. Bu məsələ açıq qalır”.
