İrandan bazarları silkələyə biləcək qərar: Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınacaq

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Hörmüz boğazından keçən gəmilərə göstərilən xidmətlər qarşılığında ödəniş alınmasını nəzərdə tutan maddəni qəbul edib. Qərarın dəniz daşımaları və enerji bazarlarına təsir göstərə biləcəyi bildirilir.

Referans Media xəbər verir ki, Komissiyanın sözçüsü Həsən Kaşkəvinin sözlərinə görə, Hörmüz boğazının təhlükəsizliyi və inkişafı ilə bağlı strateji fəaliyyət planı layihəsinin müzakirəsi davam etdirilib. Müzakirələr zamanı əvvəlki iclasda təxirə salınan üçüncü maddə qəbul olunub.

Qəbul edilən maddəyə əsasən, Hörmüz boğazından keçən gəmilərdən dənizçilik, ətraf mühitin qorunması, fövqəladə hallarda yanacaq təminatı, sığorta, təhlükəsizlik və digər xidmətlərə görə ödəniş alınması nəzərdə tutulur.

Ödənişlərin boğazdan keçməsinə icazə verilən ölkələrin gəmilərindən İran rialı və ya Tehran tərəfindən müəyyən ediləcək digər valyuta ilə tutulacağı açıqlanıb.

Kaşkəvi bildirib ki, layihədə Hörmüz boğazına sahili olan ölkələrin hüquqları nəzərə alınıb. Onun sözlərinə görə, beynəlxalq hüquq və qaydalar çərçivəsində dəniz nəqliyyatının azadlığı tanınmaqla yanaşı, sahilyanı ölkələrin təhlükəsizliyinə və suverenliyinə hörmət edilməsi də nəzərdə tutulub.

İran rəsmisi Hörmüz boğazı və Fars körfəzinin özünəməxsus qayda və şərtlərə malik olduğunu vurğulayıb.

Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm dəniz marşrutlarından biri olduğundan, burada tətbiq ediləcək hər hansı yeni qaydanın daşımaların xərclərinə və qlobal enerji bazarına təsir göstərə biləcəyi ehtimal olunur.
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki