PUA-lar Rusiyanın nəhəng şirkətini hədəf aldı: 3 anbar fəaliyyətini dayandırdı

Rusiyanın aparıcı elektron ticarət platformalarından biri olan "Ozon" şirkətinə məxsus üç logistika mərkəzi gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hücumlar nəticəsində Dağıstandakı müəssisədə yanğın baş verib, bir neçə nəfər yaralanıb.

Referans Media xəbər verir ki, "Ozon" tərəfindən yayılan açıqlamaya görə, Dağıstanın Mahaçqala şəhərində yerləşən logistika mərkəzinə PUA ilə hücum edilib. Hadisə zamanı müəssisədə çalışan əməkdaşlar təxliyə olunub.

İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb. Tibbi müayinədən keçirilən yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.

Hücumdan sonra müəssisədə yanğın baş verib. Fövqəladə hallar qrupları əraziyə cəlb olunaraq alovun söndürülməsi istiqamətində iş aparıb. Hadisə səbəbindən anbarın fəaliyyəti müvəqqəti dayandırılıb.


Ozonun Adıgeysk və Nevinnomıssk şəhərlərində yerləşən digər iki anbarı da gecə saatlarında PUA hücumu təhlükəsi səbəbindən təxliyə edilib.

Şirkətin məlumatına görə, həmin müəssisələrdə çalışanlar arasında xəsarət alan olmayıb. Anbarlara və məhsullara ziyan dəymədiyi bildirilsə də, fövqəladə hallar xidmətlərinin işi ilə əlaqədar hər iki obyektin fəaliyyəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Ukrayna son dövrlərdə Rusiyanın digər elektron ticarət platforması olan “Wildberries”ə məxsus anbar və logistika obyektlərinə də PUA hücumları həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki