Yaponiyada bir ata Fuji dağına qalxmaq üçün yola çıxdığı 7 yaşlı oğlunu 2 min metr yüksəklikdə tək qoyub.
Referans Media xəbər verir ki, yapon mətbuatının məlumatına görə, 3 776 metr hündürlüyündə olan Fuji dağına qalxmaq istəyən ata 7 yaşlı oğlu ilə birlikdə yürüşə başlayıb. Lakin uşaq bir müddət sonra yorulduğunu deyib.
Bundan sonra ata oğlunu olduqları yerdə qoyaraq yürüşü tək davam etdirib.
7 yaşlı uşaq təxminən 2 min metr yüksəklikdə, dumanlı və yağışlı havada skamyada tək oturarkən aşkarlanıb.
Uşağı görən ərazi əməkdaşları dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn şəxslər uşağın atasına çataraq onun davranışına etiraz ediblər və uşağı atasına təhvil veriblər.
Ata isə oğlunu dağda tək qoymasının “düşüncəsiz davranış” olduğunu etiraf edib və polis əməkdaşlarından və digər məsul şəxslərdən üzr istəyib.
Hadisə uşağın təhlükəsizliyinin riskə atılması ilə bağlı ciddi narahatlıq yaradıb.
