Ölkəmizin tikinti bazarında yerli məhsullarla yanaşı müxtəlif ölkələrdən gətirilən istənilən çeşiddə mallar satılır.
Son günlər İran və Hindistandan idxal olunan metlaxların tərkibində insan sağlamlığına mənfi təsir edə biləcək maddələrin olduğu barədə iddialar səslənir. Bu məsələyə müəyyən qədər aydınlıq gətirmək üçün “Referans MEDİA” ekspert Arzu Mustafayev müraciət edib. O, bildirib ki, hər iki ölkə – həm İran, həm də Hindistan dünyada mərmər-qranit və bu tipli mineral-xammal ehtiyatlarına görə ilk onluqda yer alırlar. Dünyada bu xammallardan hazırlanan məhsullara tələbatın ödənilməsində məhz bu ölkələrin böyük payı var.
Nəzəri cəhətdən bu məhsullar, yəni kafel, metlaxlar insan sağlamlığına heç bir təhlükə yarada bilməz. Ancaq dünya tikinti bazarının inkişafı, inşaat sənayesinin çox şaxələnməsi yeni məhsulların peyda olmasına gətirib çıxardır. Təbii ki, rəqabət yaranır. Rəqabət olanda isə çox təəssüf ki, heç də həmişə keyfiyyətə üstünlük verilmir. Bəzən daha çox alıcı cəlb etmək üçün, məhsulun maya dəyərinin daha ucuz başa gəlməsi üçün müxtəlif üsullardan istifadə olunur. Məsələn, kafel, metlax istehsalında da təbii komponentlərlə yanaşı məhsulun alınması üçün çox sayda kimyəvi əlavələrdən istifadə olunur. Amma konkret element, konkret kimyəvi birləşmə adı çəkib bunların məhsulun tərkibində insan sağlamlığına təsir edə biləcəyini demək mümkün deyil. Söhbət yalnız məhsulun tərkibində təbii və süni komponentlərin miqdarından, nisbətindən gedə bilər.
Sima Babayeva























