DTX tərəfindən qandallanan keçmiş sədr — Sıra kimdədir?

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən əvvəlcə uzaqlaşdırılan, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Azad Balayevin aqibəti bölgədə baş verən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının dərinliyini bir daha göz önünə sərir. Aparılan araşdırmalar göstərir ki, Balayevin qandallanması təsadüfi deyil və bu, Balakənin sabiq icra başçısı İslam Rzayevin ətrafında hörülən cinayətkar şəbəkənin ifşası istiqamətində atılan növbəti həlledici addımdır. Xatırladaq ki, İslam Rzayev külli miqdarda mənimsəmə (Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) və təkrar rüşvət alma (311.3.2-ci maddəsi) ittihamları ilə hələ 2025-ci ilin payızında hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı və hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir. Məhz bu genişmiqyaslı istintaq materiallarının təhlili zamanı əldə edilən yeni təkzibolunmaz sübutlar YAP-ın sabiq rayon rəhbərinin də qandallanmasını qaçılmaz edib.

DTX tərəfindən qandallanan keçmiş sədr  —  Sıra kimdədir?

Referans Media xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a ətraflı açıqlama verən tanınmış hüquqşünas Natiq Ələsgərov bildirib ki, bu cür yüksək vəzifəli şəxslərin və partiya strukturlarının rəhbərlərinin eyni cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunması istintaqın nə qədər hərtərəfli və peşəkar aparıldığını göstərir: "Bir rayon daxilində həm icra hakimiyyətinin, həm də hakim partiyanın yerli strukturunun rəhbər şəxslərinin korrupsiya əməllərində adının hallanması və həbs edilməsi o deməkdir ki, orada sistemli və mütəşəkkil idarəetmə mexanizmi əvəzinə maraqlar qrupu formalaşıb. İstintaq orqanları bu cür hallarda maliyyə axınlarını, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsini və yerli idarəetmədə yol verilən qanunsuzluqları bir mərkəzdən idarə olunan zəncirvari cinayət epizodları kimi araşdırırlar".


Hüquqşünas qeyd edib ki, İslam Rzayevin işi üzrə aparılan araşdırmaların digər vəzifəli şəxsləri də əhatə etməsi tamamilə qanunauyğundur və bu prosesin hələ davam edəcəyi istisna olunmur: "Azad Balayevin həbsi bir daha sübut edir ki, dövlət tərəfindən korrupsiyaya qarşı aparılan qətiyyətli mübarizə heç bir güzəszt tanımır və kimliyindən asılı olmayaraq, qanunu pozan hər kəs gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək. İstintaq zamanı əldə edilən sənədlər, maliyyə sənədləşmələri və şahid ifadələri göstərir ki, rayonda dövlət əmlakının talanmasında və vəzifə səlahiyyətlərinin aşılmasında konkret bir qrup birgə fəaliyyət göstərib. Bu baxımdan, yaxın gələcəkdə Balakəndə və ya digər rayonlarda bu cinayət işi ilə bağlı yeni həbslərin və ifşaların olacağı qaçılmazdır, çünki hüquq-mühafizə sisteminin əlində kifayət qədər ciddi hüquqi mexanizmlər və sübutlar mövcuddur".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki