Əmək münasibətlərində işçinin təqsiri üzündən işəgötürənə maddi ziyan dəyə bilər. Belə hallarda qanun işəgötürənə dəymiş zərərin işçidən tələb olunmasına imkan verir. Belə olan halda isə işəgötürən məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Referans Media xəbər verir ki, bunun üçün məhkəməyə "İşçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi haqqında" iddia ərizəsi təqdim olunur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, işçilər vurduqları ziyana görə müəyyən hallarda tam maddi məsuliyyət daşıyırlar. Bu hallar aşağıdakılardır:
• əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri dövründə işçiyə etibar edilmiş əmlakın və digər sərvətlərin qorunmasına görə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlandıqda;
• işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər hüquqmüəyyənedici sənədlər əsasında hesabat vermək şərti ilə qəbul etdikdə;
• inzibati xəta, cinayət və ya vergi qanunvericiliyinin pozulması nəticəsində zərər vurulduqda;
• işəgötürənin əmlakı və ya digər maddi sərvətləri qəsdən korlandıqda, məhv edildikdə və ya başqa üsulla qəsdən ziyan vurulduqda;
• alkoqol, toksik (zəhərli), psixotrop maddələrin və ya narkotik vasitələrin təsiri altında işəgötürənə zərər vurulduqda;
• dövlət, kommersiya və ya vergi sirri yayıldıqda;
• işəgötürənin şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan böhtan və ya yalan məlumatlar yayılmaqla onun sahibkarlıq fəaliyyətinə ciddi mənəvi ziyan vurulduqda.
Məcəlləyə əsasən, 18 yaşına çatmamış işçilər isə yalnız inzibati xəta və ya cinayət törətdikdə, əmlakı qəsdən korladıqda və ya alkoqol, toksik, psixotrop maddələrin, yaxud narkotik vasitələrin təsiri altında zərər vurduqda tam maddi məsuliyyət daşıyırlar.
İşəgötürən məhkəməyə təqdim etdiyi iddia ərizəsində işçinin hansı tarixdən işlədiyini, yerinə yetirdiyi əmək funksiyasını, dəymiş maddi ziyanın məbləğini, ziyanın hansı şəraitdə baş verdiyini və işçinin hərəkətləri ilə zərər arasında səbəbli əlaqəni sübut edən sənədləri göstərməlidir. Ərizəyə işə qəbul barədə əmrin surəti, ziyanın hesablanması, müvafiq aktlar və digər təsdiqedici sənədlər əlavə olunur.
Qeyd edək ki, bu kateqoriyadan olan mübahisələrə baxılarkən məhkəmə işçinin təqsirinin olub-olmamasını, dəymiş ziyanın məbləğini, təqdim olunan sübutları və tərəflərin hüquq və vəzifələrini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191 və 199-cu maddələrinin tələblərinə uyğun qiymətləndirir./Qaynarinfo/
