İsrail mətbuatı İranla mümkün müharibənin İsrailə təxminən 10 milyard dollara başa gələ biləcəyini yazıb.
Referans Media xəbər verir ki, İsraildə yayımlanan “Calcalist” iqtisadi xəbər saytının məlumatına görə, İsrailin 13 iyun 2025-ci ildə İrana qarşı başlatdığı son hərbi əməliyyatlar ölkəyə təxminən 20 milyard şekel (təxminən 6,37 milyard dollar) xərc yaradıb.
Xəbərdə qeyd olunur ki, İsrailin təhlükəsizlik strukturlarındakı yüksək vəzifəli şəxslər münaqişənin müddətindən və xarakterindən asılı olaraq, yeni bir toqquşma mərhələsinin on milyardlarla şekelə başa gələ biləcəyi barədə xəbərdarlıq ediblər.
İsrail Baş Qərargah rəisinin 2011–2014-cü illərdə iqtisadi məsələlər üzrə müşaviri olmuş Reem Aminoaxın fikirlərinə də yer verilən materialda onun belə dediyi bildirilir:
“Nisbətən ən az xərcli ssenari İsrailin heç bir hücum həyata keçirməməsidir.”
Aminoax vurğulayıb ki, İsrail hücuma başlamasa belə ciddi xərclər qaçılmazdır:
“Bu, xərclərin ümumiyyətlə olmayacağı anlamına gəlmir. Hava hücumundan müdafiə sistemləri milyardlarla şekel tələb edir. Belə bir ssenaridə təkcə hərbi xərclər 7–10 milyard şekel (təxminən 2,23–3,18 milyard dollar) təşkil edə bilər.”
Xəbərdə həmçinin İsrail Baş Qərargah rəisinin 2014–2017-ci illərdə müşaviri olmuş Şaşon Haddadın qiymətləndirməsinə yer verilir. Onun fikrincə, İranla ötən ilin iyununda yaşanan toqquşmaya bənzər bir müharibə vəziyyətində xərclər 15–25 milyard şekel (təxminən 4,78–8 milyard dollar) arasında dəyişə bilər.
Qeyd olunur ki, göstərilən rəqəmlər yalnız hərbi xərcləri əhatə edir, mülki itkilər və iqtisadi zərərlər isə bu hesablamalara daxil deyil. Bu səbəbdən ümumi xərcin 30 milyard şekelə (təxminən 9,8 milyard dollar) qədər yüksələ biləcəyi bildirilir.
ABŞ-ın İrana mümkün hücumu ilə bağlı gərgin müzakirələr davam edərkən, İsrailli rəsmilər bütün ssenarilərə hazır olduqlarını açıqlayıblar.
İranın ali rəhbəri Əli Xamenei isə bu gün verdiyi açıqlamada ABŞ-ın İrana hücum edəcəyi təqdirdə müharibənin regional miqyas alacağını bildirib.
İsrailin Baş naziri Binyamin Netanyahu da İranın İsrailə hücum edəcəyi halda sərt cavab veriləcəyi ilə hədələyib.
İrana qarşı “Gecəyarısı Çəkici” əməliyyatı
İsrail, İran və ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda, 13 iyun 2025-ci ildə İranın müxtəlif şəhərlərində nüvə və hərbi obyektlər, eləcə də mülki yaşayış məntəqələrini hədəf alan hücumlara başlamışdı.
İsrailə açıq dəstək verən ABŞ isə 22 iyun 2025-ci ildə İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə, yalnız ABŞ-ın arsenalında olan “sığınacaq dağıdan” bombalarla “Gecəyarısı Çəkici” adlandırılan əməliyyat çərçivəsində zərbələr endirmişdi.
ABŞ Prezidenti Donald Tramp hücumları “böyük uğur” adlandırsa da, mediaya sızan ilkin ziyan qiymətləndirmə hesabatında bu hücumların İranın nüvə proqramını tamamilə məhv etmədiyi, yalnız bir neçə ay geri saldığı iddia edilmişdi.
