İsrail parlament müxalifətinin lideri və “Yesh Atid” partiyasının sədri Yair Lapid ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasını “İsrail üçün fəlakət” kimi qiymətləndirib.
Referans Media-nın xəbərinə görə, Lapid bildirib ki, İsrail Vaşinqton və Tehran arasında keçirilən danışıqlara ümumiyyətlə dəvət olunmayıb və Baş nazir Benyamin Netanyahunun siyasəti uğursuz olub.
O, sosial şəbəkədə yazıb:
“Tariximiz boyu belə siyasi fəlakət olmayıb. Milli təhlükəsizliyimizlə bağlı qərarlar qəbul edilərkən İsrail danışıqlar masasında belə yox idi.”
Lapidin sözlərinə görə, İsrail ordusu İranla qarşıdurmanın hazırkı mərhələsində üzərinə düşən vəzifəni yerinə yetirib, xalq isə “böyük dözümlülük nümayiş etdirib”. Lakin o qeyd edib ki, Netanyahu siyasi və strateji baxımdan məqsədlərinə çata bilməyib.
“Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırma çatışmazlığı nəticəsində yaranan ziyanı aradan qaldırmaq illər çəkəcək,” – deyə o əlavə edib.






















