İsrailin gözündən yayınan güc: Türkiyə…

İsrail mətbuatında dərc olunmuş təhlildə İranla davam edən müharibənin İsrail üçün yanlış bir təhlükəsizlik hissi yaratdığı bildirilir və ordunun quru qüvvələrini laqeyd etdiyi barədə xəbərdarlıq edilir. Təhlildə vurğulanıb ki, bölgədə güc balansı dəyişdikcə Türkiyə getdikcə daha təsirli bir aktyora çevrilir.

Referans Media xəbər verir ki, İsrailli yazıçı və keçmiş general Yitzhak Brick, “Maariv qəzet”ində yayımlanan analizində İsrailin İran üzərinə yönəldiyi bir dövrdə, bölgədəki əsas strateji riskin Türkiyə ola biləcəyini irəli sürüb. Yazıda İsrail ordusunun hərbi strategiyasının böyük ölçüdə hava qüvvələrinə əsaslandığı, çoxşaxəli regional müharibə ehtimalına qarşı güclü yerüstü qüvvələrə kifayət qədər diqqət yetirilmədiyi qeyd edilib.

Analizdə İranla aparılan müharibənin əsasən “steril bir hava əməliyyatı” olduğu bildirilib. Brick yazır ki, İran rejimi yalnız xalqın kütləvi ayağa qalxması ilə sarsıla bilər və İsrailin genişmiqyaslı yerüstü qüvvələr göndərmə planı yoxdur. Bunun həm iki ölkə arasındakı coğrafi məsafə, həm də hərbi imkan məhdudiyyətləri ilə əlaqəli olduğu vurğulanıb.

Təhlildə, potensial regional müharibə ssenarilərində İsrailin eyni anda bir neçə cəbhə ilə qarşılaşa biləcəyi qeyd edilib:

Şimaldan Hizbullah təhdidləri, Suriya tərəfindən mümkün hücumlar, İordaniya üzərindən sızmalar, Qərb Şəriyədə qarşıdurmalar, gələcəkdə Misirdən gələ biləcək təhlükələr.

Yazıda yalnız hava qüvvələrinə əsaslanan müdafiənin kifayət etməyəcəyi, güclü bir ordunun hava, yer və dəniz qüvvələrindən ibarət “polad üçbucaq” şəklində olmalı olduğu vurğulanıb.

“Maariv”dəki analizdə, İsrailin İran üzərində fokuslandığı bir dövrdə Türkiyənin Yaxın Şərqdə təsirinin sürətlə artdığı da qeyd olunub. Ankara uzun müddətdə İranla müqayisədə daha ciddi strateji risk yaratma potensialına sahib ola bilər. Analizdə İsrail rəhbərliyinə gələcək təhlükələrə hazırlıq və vizyon göstərmədikləri halda ölkənin ciddi risklərlə üzləşə biləcəyi xəbərdarlığı edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki