ABŞ Prezidenti Donald Tramp Şükran Günü münasibətilə Ağ Evdə keçirilən ənənəvi mərasimdə “Freedom” və “Feathers” adlı iki hinduşkaya əfv verib.
Referans Media xəbər verir ki, mərasim çərşənbə axşamı Ağ Evin Cənub Çəmənliyində (South Lawn) baş tutub. Hinduşkalardan yalnız “Freedom” adlı quş tədbirdə iştirak edib. Digər hinduşka isə mərasimdə nümayiş etdirilməyib.
Qərbi Virciniyadan gətirilən quşlardan hansının mərasimdə iştirak edəcəyini müəyyənləşdirmək üçün əvvəlcədən onlayn səsvermə keçirilib. Hər iki hinduşka Şükran Günü süfrəsinə düşməkdən xilas edilib və ömrünün qalan hissəsini Texas A&M Universitetində keçirəcək.
Amerikalıları bayram münasibətilə təbrik edən Tramp ağ lələkli “Freedom”un kürəyini sığallayaraq ona əfv verdiyini elan edib.
Prezident bildirib ki, hinduşkalar universitetdəki yeni həyatlarında “Aggies” idman komandasının azarkeşinə çevriləcəklər. Tədbirdə birinci xanım Melaniya Tramp və Nazirlər Kabinetinin bir sıra üzvləri də iştirak ediblər.
Tramp çıxışı zamanı gələn il hinduşkaların əfv edilməsi mərasiminin Ağ Evin yeni ziyafət zalında keçiriləcəyini də açıqlayıb. Maraqlıdır ki, prezident çıxış edən zaman zalda tikinti işləri hələ də davam edirdi.
Ağ Evin məlumatına görə, bu, hinduşkaların əfv edilməsi mərasiminin sayca 79-cusu olub. Lakin bu ənənə 1989-cu ildə, ABŞ-ın sabiq prezidenti Corc H. V. Buşun dövründə müntəzəm xarakter alıb.
Mərasim zamanı Tramp administrasiyasının fəaliyyətindən də danışıb, ABŞ iqtisadiyyatının və təhlükəsizliyinin əvvəlkindən daha yaxşı olduğunu iddia edib.
O, həmçinin aralıq seçkilərinin nəticələrinə toxunaraq, Qərbi Virciniyada böyük fərqlə qalib gəldiyini xatırladıb və son seçkilərdə baş verənləri anlamadığını bildirib.
“Qərbi Virciniyada 45 faiz fərqlə qalib gəldik – daha doğrusu, mən seçki bülletenində olanda belə idi. Nə baş verdiyini bilmirəm. Çox böyük fərqlə qalib gəlmişdim. Bu son seçkidə nə baş verdi? Xahiş edirəm, kimsə bunu mənə izah etsin”, – deyə Tramp bildirib./Ajans.az/
