Kolumbiyanın Kartaxena şəhərində pul daşıyan zirehli avtomobilə qarşı törədilən qarət cəhdi girov böhranına çevrilib. Silahlı şəxslər supermarketə daxil olaraq 30 nəfəri girov götürüblər. Onlardan 10-u sərbəst buraxılsa da, təxminən 20 nəfərin hələ də binada saxlanıldığı bildirilir.
Referans Media xəbər verir ki, hadisə noyabrın 24-də şəhərin La Kastelyana məhəlləsində yerləşən “Éxito” supermarketində baş verib. İlkin məlumata görə, silahlı şəxslər pul daşıyan avtomobili qarət etməyə cəhd göstərdikdən sonra supermarketdəki müştəri və işçiləri girov götürüblər.
Kolumbiya Milli Polisi girov götürülən 30 nəfərdən 10-nun azad edildiyini açıqlayıb. Sərbəst buraxılan şəxslər tibbi müayinədən keçirilmək üçün aidiyyəti qurumlara təhvil verilib. Digər şəxslərin taleyi ilə bağlı narahatlıq davam edir.
Kolumbiya Prezidenti Abelardo de la Espriella müdafiə naziri Xorxe Mora ilə birlikdə Kartaxenaya gedərək əməliyyatın idarə olunduğu qərargaha baş çəkib. Girovların təhlükəsiz şəkildə azad edilməsi üçün polis və hərbi qüvvələrin koordinasiyası təmin edilib.
Prezident hadisənin terror aktı olmadığını, uğursuz qarət cəhdinin girov böhranına çevrildiyini bildirib. O, girovların xilas edilməsi üçün dövlətin bütün imkanlarının səfərbər olunduğunu vurğulayıb.
Girov böhranı səbəbindən Kartaxenadakı Rafael Nunyes Beynəlxalq Hava Limanında təyyarələrin enişi müvəqqəti dayandırılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyət sonradan aradan qaldırılıb.
Supermarketdə yaxınları olan ailələr isə hadisə yerində narahatlıqla xəbər gözləyirlər. “Grupo Éxito” şirkəti müştərilərin və əməkdaşların təhlükəsizliyinin əsas prioritet olduğunu açıqlayıb.
