Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin husilərin nəzarətində olan Hudeydə limanına hava zərbəsi endirib. Ər-Riyad limanın İrandan silah daşınması və hərbi məqsədlər üçün istifadə edildiyini iddia edir.
Referans Media xəbər verir ki, Husilər isə cavab olaraq Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki limanlarını hədəfə alacaqları barədə xəbərdarlıq ediblər. Məlumata görə, koalisiya Yəmənin digər şimal bölgələrinə də zərbələr endirib.
Gərginlik fonunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda maliyyə mərkəzində yerləşən göydələnə hücum edildiyi, 11 nəfərin yaralandığı bildirilir.
Hudeydə limanı Yəmənin ərzaq, yanacaq və dərman təchizatında mühüm rol oynayır. BMT limanın fəaliyyətində yaranacaq fasilələrin milyonlarla insanın humanitar vəziyyətini daha da ağırlaşdıra biləcəyi barədə xəbərdarlıq edib.
