Karabükün Eskipazar rayonunda yerləşən Hadrianopolis Qədim Şəhəri ərazisində aparılan qazıntılar zamanı təxminən 1500 illik olduğu qiymətləndirilən bıçaqlar və “bülöv daşı” (bıçaq itiləmə daşı) aşkar edilib.
Referans Media xəbər verir ki, ərazidə qazıntı və bərpa işləri Karabük Universiteti İnsan və Sosial Elmlər Fakültəsi Arxeologiya Bölməsinin müəllimi Prof. Dr. Ersin Çelikbaşın rəhbərliyi ilə aparılır.
Tədqiqatçılar “Hamamlı Tikili Kompleksi” adlandırılan sahənin mətbəx hissəsində müxtəlif ölçülü 4 bıçaq, bir ədəd itiləmə daşı aşkar ediblər. Bıçaqlar ilkin mərhələdə təxminən 250 parçaya ayrılmış vəziyyətdə olub və laboratoriyada birləşdirilərək əvvəlki formalarına qaytarılıb.
Mütəxəssislərin fikrincə, tapıntılar bölgədə yaşayan insanların xüsusilə heyvandarlıqla məşğul olduğunu göstərir. Bu, qədim şəhər ərazisində sosial və iqtisadi həyatla bağlı mühüm məlumatlar təqdim edir.
Qazıntıda tapılan itiləmə daşı isə daha əvvəl yalnız Osmanlı dövründə istifadə edildiyi düşünülən bir materialın daha qədim dövrlərdə də istifadə olunduğunu ortaya çıxarıb.
Araşdırmalara əsasən, bıçaq dəstinin eradan sonra V–VI əsrlərə aid olduğu müəyyən edilib. Bu da bölgədə heyvandarlıq və gündəlik istehsal fəaliyyətlərinin təxminən 1500 ildir davam etdiyini göstərir.
