Kəlbəcərin zəngin təbii və turizm potensialının sistemli şəkildə iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində mühüm addımlar atılır. Bölgədə müasir dağ turizmi standartlarına uyğun yeni Dağ Kurort Turizm Mərkəzinin yaradılması ilə bağlı layihələndirmə işlərinə start verilib. Bu məqsədlə ilkin mərhələdə sənədlərin hazırlanması üçün "Archico Project" MMC ilə 503 860 manatlıq müqavilənin bağlanması nəzərdə tutulur. Eyni zamanda, beynəlxalq təcrübənin tətbiqi məqsədilə Fransanın "PGI" şirkəti prosesə konsultant qismində cəlb olunub. Yeni mərkəzin təbii landşaft və iqlim xüsusiyyətləri nəzərə alınaraq yalnız qış deyil, ilboyu fəaliyyət göstərən məkan kimi planlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu irimiqyaslı layihənin regionun turizm bazarındakı mövqeyinə və yerli infrastruktura necə təsir edəcəyini öyrənmək üçün mütəxəssis rəyinə müraciət etmişik.
Mövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Oxu24.com-a açıqlamasında bildirib ki, Kəlbəcərdə Dağ Kurort Turizm Mərkəzinin yaradılması regionun zəngin təbii və turizm potensialının daha sistemli şəkildə iqtisadi dövriyyəyə cəlb olunmasına imkan verə bilər:
“Layihənin beynəlxalq təcrübə əsasında həyata keçirilməsi Kəlbəcərin müasir dağ turizmi standartlarına uyğun yeni destinasiya kimi formalaşmasına mühüm töhfə verəcək. Xüsusilə Avropa və digər dağlıq regionlarda tətbiq olunan kurort idarəçiliyi, ekoturizm və dayanıqlı turizm modellərinin nəzərə alınması layihənin rəqabətqabiliyyətliliyini artıra bilər”.
Onun sözlərinə görə, belə bir mərkəzin yaradılması həm yerli, həm də xarici turistlər üçün Kəlbəcərin cəlbediciliyini yüksəltməklə regionun turizm bazarındakı mövqeyini gücləndirəcək.
Bununla yanaşı, Rəhman Quliyev qeyd edib ki, layihə ətraf ərazilərdə mehmanxana, ictimai iaşə, nəqliyyat, əyləncə və digər turizm xidmətlərinin inkişafına əlavə stimul yaradacaq.
Turizm axınının artması yeni iş yerlərinin açılmasına və yerli sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına da şərait yarada bilər.
Ekspert əlavə edib ki, Kəlbəcərin təbii landşaftı və iqlim xüsusiyyətləri nəzərə alınaraq mərkəzin yalnız qış turizmi deyil, ilboyu fəaliyyət göstərən turizm məkanı kimi planlaşdırılması xüsusilə vacibdir:
“Ümumilikdə, düzgün planlaşdırma və beynəlxalq standartların tətbiqi Dağ Kurort Turizm Mərkəzini Kəlbəcərin iqtisadi inkişafının əsas lokomotivlərindən birinə və Azərbaycanın dağ turizminin regional brendlərindən birinə çevirə bilər”.
