Xəbər verdiyimiz kimi, “Şəki Yaylası” istirahət mərkəzində kanat qəzası iki nəfərin ölümü ilə nəticələnib. Hadisə kanatların təhlükəsizliyi və texniki vəziyyəti ilə bağlı müxtəlif sualları gündəmə gətirib. Hazırda faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Belə məkanlarda əyləncə vasitələrinin vəziyyəti necə kontrol edilir? Norma nəyə əsasən müəyyənləşir? Neçə aydan bir texniki baxış keçirilməlidir? Buna nəzarət hansı dövlət qurumuna aiddir? İstirahət mərkəzinin rəhbəri həbs edilə bilərmi?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, mövcud qanunvericilikdə kanat yollarının texniki təhlükəsizliyinə dair ayrıca tələblər var:
“Onların istismara buraxılması, ekspertizası və təhlükəsiz vəziyyətdə saxlanılması sahibin üzərinə də məsuliyyət qoyur. Mexanikləşdirilmiş attraksionlar və kanat sistemləri istismara verilməzdən əvvəl texniki sənədləri, texniki pasportu və təhlükəsizlik göstəriciləri yoxlanılmalıdır. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı attraksionlar üzrə dövlət texniki nəzarətini həyata keçirir. FHN-nin şərtlərinə əsasən, attraksion istismara buraxılmazdan əvvəl ekspertizadan keçirilməli, qeydiyyata alınmalı və texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir. Bundan başqa, obyektin sahibi də qurğunun təhlükəsiz istismarını təmin etməli, bunun üçün məsul şəxs təyin olunmalı və texniki təhlükəsizlik tələblərinə əməl edilməsinə daxili nəzarət yaradılmalıdır”.
ellada
Hüquqşünas bildirib ki, baxış və ekspertizanın dövriliyi konkret qurğunun texniki sənədləri ilə tətbiq olunan təhlükəsizlik qaydaları əsasında müəyyən edilir:
“Burada vacib fərq var, gündəlik texniki yoxlama ilə dövlət texniki ekspertizası eyni şey deyil. Kanat yolları üzrə qaydalarda müəyyən hallarda ekspertizanın keçirilməsi ayrıca göstərilir. Məsələn, kanat yolunun istismara buraxılmasından əvvəl, xidmət müddəti başa çatdıqdan sonra, faktiki işləmə müddəti 20 ili keçdikdə və konstruksiya dəyişdirildikdən, qəza nəticəsində zədələndikdən sonra texniki təhlükəsizlik ekspertizası keçirilməlidir. Ona görə konkret “6 aydan bir” yaxud “12 aydan bir” demək üçün həmin kanat sisteminin texniki pasportuna və tətbiq olunan istismar qaydalarına baxmaq lazımdır”.
E.Bayramova qeyd edib ki, bu sahəyə əsas nəzarət edən qurum FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyidir:
“Agentlik təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizliklə bağlı dövlət nəzarətini həyata keçirir. Əgər hadisə baş veribsə, artıq məsələ yalnız texniki nəzarətlə məhdudlaşmır. Qəzanın səbəbləri və konkret şəxslərin təqsiri araşdırılır. “Texniki təhlükəsizlik haqqında” qanuna görə təhlükə potensiallı obyektdə baş vermiş qəza üzrə texniki təhqiqat da aparılır”.
Onun sözlərinə görə, bu hadisədə obyekt rəhbərinin həbsi mümkündür:
“Sadəcə müəyyən nüanslar var. Belə ki, təkcə qəzanın baş verməsi rəhbərin həbs edilməsi üçün kifayət etmir. Araşdırma nəticəsində rəhbərin yaxud məsul şəxsin təhlükəsizlik qaydalarını pozduğu, nasaz qurğunu istismara buraxdığı, lazımi texniki baxışın keçirilməsini təmin etmədiyi və bunun ölümə səbəb olduğu müəyyənləşdirilərsə, cinayət məsuliyyəti məsələsi yarana bilər. Burada əsas məsələ rəhbərin konkret hansı vəzifəni daşıdığı və təhlükəsizliyə cavabdeh olub-olmamasıdır. Əgər təhlükəsizlik üzrə məsul şəxs ayrıca təyin edilibsə, onun hərəkətləri və ya hərəkətsizliyi də araşdırılacaq. Bunu isə yalnız istintaq və ekspertiza müəyyən edəcək. Əvvəlcə kanatın texniki vəziyyəti, sonuncu baxış, ekspertizanın tarixi, sertifikatları, texniki pasportu, məsul şəxslərin vəzifələri və təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığı müəyyən edilməlidir”.
Qeyd edək ki, “Şəki Yaylası” istirahət mərkəzinin sahibi tanınmış iş adamı Məhərrəm Novruzovdur. O, bir sıra iri layihə və obyektlərin rəhbəri kimi də tanınır. M.Novruzovun adı Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məşhur “Qurtuluş-93” yaşayış kompleksi, Novxanı qəsəbəsindəki “My Beach” istirahət mərkəzi və “Bağçalı Evlər” MTK tikinti şirkəti ilə əlaqələndirilir.
